BAKI, 29 yanvar — Sputnik. "Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində bütün məsələləri Azərbaycanla razılaşdırır və koordinasiyalı fəaliyyət mövcuddur". Bunu Sputnik Azərbaycan-a Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesində Azərbaycan amilini şərh edərkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov deyib.
Xatırladaq ki, ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında Ermənistan nümayəndə heyətinin ölkəsinə səfər edəcəyini açıqlamışdı.
Politoloq bildirib ki, bununla bağlı Türkiyənin mövqeyində hər hansı dəyişiklik yoxdur:
"Ermənistanın Türkiyə ilə normallaşma prosesini davam etdirə bilməsi Azərbaycanla olan problemlərin həllində göstərəcəyi səmimiyyətdən asılı olacaq. Türkiyə hələ 2009-cu ildən Azərbaycan amilini Ermənistanın qarşısına şərt kimi qoyub".
Onun sözlərinə görə, Türkiyənin Ermənistanla yürütdüyü normallaşma prosesi Azərbaycan-Ermənistan arasındakı proseslərin gedişatından asılı olaraq davam edir:
"Bunlar bir-birinə paralel məsələlərdir. Həmçinin Paşinyanın son açıqlamaları pozitiv məqamlarla yadda qaldı. Belə başa düşülür ki, Ermənistan tərəfi də prosesin davam etməsində maraqlıdır".
Bir neçə gün əvvəl onlayn mətbuat konfrası keçirmiş Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci ildə Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını istisna etməmişdi.
QAFSAM sədrinin müavini, politoloq Nazim Cəfərsoy isə hesab edir ki, Türkiyə bütün dövrlərdə Ermənistanla münasibətlərini Azərbaycanın maraqlarını nəzərə almaqla qurub: "Zaman-zaman Türkiyə buna görə təzyiqlərlə üzləşib. Türkiyənin daxilindəki bəzi siyasi aktorlar Azərbaycanı bu prosesdən ayrı tutmağa çalışırdı. 2009-cu ildə Sürix protokolları imzalanandan sonra Azərbaycana səfər edən o dönəmin Türkiyə Baş naziri Rəcəp Tayyip Ərdoğan Azərbaycan Milli Məclisində çxışı zamanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əsas olduğunu bildirmişdi".
Nazim Cəfərsoy deyib ki, Türkiyə rəsmiləri də Ermənistanla münasibətlərin normallaşmasının Azərbaycanla koordinasiyalı şəkildə aparıldığını açıqlayıblar.
Politoloq əlavə edib ki, Azərbaycan belə olduğu üçün münasibətlərin normallaşmasına etiraz etmir:
"Proses özündə bir neçə mərhələni ehtiva edir. Ermənistan tərəfi istəyərdi ki, proses sürətli şəkildə getsin. Ancaq Türkiyə bunun Azərbaycan-Ermənistan arasındakı məsələlərin həllinə uyğun şəkildə aparılmasında mövqeyini açıq şəkildə ortaya qoyub".
"Azərbaycan-Ermənistan arasında aktual olan demarkasiya və delimitasiya, sülh müqaviləsi, ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə inkişaf olmadığı müddətdə bu iki ölkə arasındakı yaxınlaşmanın sürətli olacağını gözləmək doğru olmaz. Bu hələ ilkin mərhələdir. Ölkələr təzəlikcə xüsusi nümayəndələr təyin edib və hələlik ilkin tanışlıqlar gedir. Önümüzdəki dövrdə proses paralel şəkildə davam etdiriləcək. Hətta münasibətlərin normallaşması birbaşa Azərbaycanla əlaqəli olacaq", – deyə politoloq bildirib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan normallaşma prosesinin xüsusi nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın ilk görüşü Moskvada baş tutmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: