BAKI, 29 yanvar – Sputnik. İranın məqsədi Qafqaz, Rusiya və Avropa ölkələri ilə birləşməkdir. Bunun üçün Rəşt-Astara dəmiryolunun tikintisi diqqət mərkəzində saxlanılır, İran Yol və Şəhərsalma naziri Rüstəm Qasemi deyib.
İranlı nazir qeyd edib ki, İranın şimalındakı Gilan əyalətində 165 kilometrlik Rəşt-Astara dəmiryolunun tikintisi "Şimal-Cənub" dəhlizini aktivləşdirəcək.
Qaseminin fikrincə, bu xətt istismara veriləndə İran dəmiryolları ilə Azərbaycanın dəmiryolları şəbəkəsi birləşəcək.
“Dəmiryolunun tikintisi İran prezidentinin Rusiyaya səfəri zamanı müzakirə olunub. Yaxın vaxtlarda layihə üçün maliyyə ayrılaraq tikintiyə başlanacağı gözlənilir”, - nazir deyib.
Xatırladaq ki, “Şimal-Cənub” layihəsinin tam gücü ilə işə düşməsi üçün əsas maneə İran ərazisindəki Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin tikilib başa çatmamasıdır.
Azərbaycan İrana Astara-Rəşt hissəsinin tikintisi üçün 500 milyon dollar güzəştli kredit ayırıb.
Ümumilikdə isə 165 km-lik yolun tikintisi 2 milyard dollara başa gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.