HADİSƏ

İki intihar, üç meyit və bir uğursuz qəsd: kriminal xronika

Bakıda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyiti aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti tapılıb. Məlumat alan Suraxanı Prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetiriblər.
İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.
Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Samux rayonunda isə fermada çoban həmkarını bıçaqlayıb. Hadisə yanvarın 28-i saat 19 radələrində rayonun Qarabağlar kəndində yerləşən fermada qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, Elnur Əkbərov (1991) çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan Elçin Süleymanova (1987) aralarında yaranan şəxsi münasibətlər zəminində qarın nahiyəsindən bir bıçaq zərbəsi vurub.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Zaqatalada isə 61 yaşlı kişi vanna otağında intihar edib. Şəhər sakini Bəxtiyar İslam oğlu Piriyevin meyitini yaşadığı evin vanna otağında asılı vəziyyətdə yaxınları tapıblar. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən B.Piriyevin intihar etdiyi bildirilir.
Faktla bağlı Zaqatala Prokurorluğunda araşdırma aparılır.