VİDEO

Kəşfiyyatın əfsanəsi Rixard Zorge yenidən gündəmdə - VİDEO

XX əsrin ən böyük kəşfiyyatçılarından biri olan Rixard Zorgenin adı yenidən siyasi danışıqlarda hallanmağa başlayıb.
Sputnik
Əfsanəvi kəşfiyyatçı Rixard Zorge bu günlərdə yenidən müzakirə olunmağa başlayıb. Rəsmi Moskva İkinci Dünya müharibəsi illərində Yaponiyada fəaliyyət göstərmiş keçmiş sovet kəşfiyyatçısının nəşinin oradan gətirilərək Rusiyada dəfn olunması üçün Tokio ilə müzakirələr aparır.
“Biz yapon qonşularımızdan Rixard Zorgenin yenidən dəfni məsələsi ilə bağlı yekun, müsbət cavab gözləyirik. Onun Saxalin vilayətinin cənubunda, Kuril silsiləsinin cənubundakı ərazilərimizdə yenidən dəfn edilməsi təşəbbüsü var”, - Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Zorgenin məzarı bir vaxtlar dağılmaq təhlükəsilə üzləşib, ancaq Rusiya səfirliyi onun xilası üçün aktiv iş görüb. Səfirlik Zorgenin vətəndaş nikahında olan xanımının qohumlarının vəfatından sonra kəşfiyyatçının məzarına olan hüquqları əldə edib.

Bakılı balası

XX əsrin ən böyük kəşfiyyatçılarından biri olan Rixard Zorge faşizm üzərində qələbəyə az əmək sərf eləməyib. 1895-ci ildə Bakıda doğulmuş Zorge Birinci Dünya Müharibəsində Almaniya tərəfdən vuruşsa da, sonra sovet kəşfiyyatına işləməyə başlayıb.
Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş Zorge Ramzay ləqəbindən istifadə edib. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Əfsanənin ölümü

Rixard Zorge 1941-ci il oktyabrın 18-də Tokioda həbs olunub. O, 1944-cü il noyabrın 7-də Tokioda saxlanıldığı həbsxanada asılaraq edam edilib. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdı: “Dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi 8 dəqiqə döyünüb”.
Edamdan sonra Zorgenin meyiti Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlıqda dəfn olunub. Bir müddət sonra Almaniyada yaşayan anası Anna Klausenin səyləri ilə meyit həbsxanadan çıxarılır. Onun nəşi Tokionun Füçi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub. Rixard Zorgenin küllərinin saxlanıldığı məzar bu gün də oradadır.
SSRİ 1964-cü ilə qədər Zorge adında bir xəfiyyəsinin olduğunu inkar edib. İosif Stalinin alman əsilli xəfiyyəyə olan mənfi münasibəti səbəbindən Zorgenin ölümündən sonrakı 20 ildə belə onun barəsində danışılmayıb.
Sputnik Azərbaycan-ın "Bizim Cəbiş müəllim" layihəsinin böyük kəşfiyyatçının qabiliyyətlərindən, unikal iş üsullarından və onun faşizmlə mübarizəyə verdiyi töhfələrdən bəhs edən videosunu təqdim edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.