BAKI, 29 yanvar — Sputnik. Ötən il yanvarın 18-dən başlanılan peyvəndləmə prosesi hazırda həm stasionar, həm də səyyar şəkildə davam etdirilir. Poliklinikalarda sıxlıq müşahidə olunmasa da, peyvəndlənməyə gələnlərin sayı kifayət qədərdir. Onların əksəriyyəti isə "buster" doza üçün müraciət edənlərdir.
Sputnik Azərbaycan xəbər verir ki, koronavirusun yeni ştammına yoluxanların sayında bütün dünyada artım müşahidə olunur. Azərbaycanda yoluxma sayı bir neçə gün ərzində 3 mini keçib və "Omicron" ştammının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək. Virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Fevralın 15-dən ikinci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilməyəcək.
Mütəxəssislərin fikrincə, vaxtında "buster" doza qəbul etmək həm yoluxmanın, həm də poliklinikalarda yarana biləcək sıxlığın qarşısını alır. Son yoluxmalarda yeni növ koronavirusun (COVID-19) "Omicron" ştammının dominantlıq etdiyini nəzərə alaraq peyvəndləməni, xüsusilə də "buster" doza vurulmasının sürətləndirilməsi vacibdir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev Azərtac-a açıqlamasında deyib ki, "Buster" doza yüksəldici, gücləndirici, dəstəkolucu deməkdir: "Beş ay əvvəl iki vaksin vurulubsa, onu gücləndirmək üçün "buster" doza vacibdir, çünki həmin doza vurulanda xəstəliyin ağırlaşma ehtimalı demək olar ki, qalmır".
Peyvənd olunub virusa yoluxanların əksəriyyəti xəstəliyi simptomsuz keçirir və ya ev şəraitində müalicə edilirlər. Həkim-terapevt İradə Səbziyeva məsələyə aydınlıq gətirərək deyib ki, temperatur 38 dərəcə və daha yuxarı olarsa, xəstədə şəkərli diabet, böyrək çatışmazlığı, onkoloji və digər yanaşı xəstəliklər olarsa, mütləq şəkildə stasionar şəraitdə müalicə almalıdır: "Xəstəlik yüngül və orta yüngül dərəcədə keçirsə, vitamin müalicəsi, mineral elementlərlə zəngin preparatlar qəbul etməsi məsləhət görülür".
Evdə müalicə təyin olunan xəstələrin bəziləri venadaxili infuziyaya, başqa sözlə, sistem vurulmasına meyil edir. Həkimlər isə birmənalı olaraq venadaxili infuziyanın stasionar şəraitdə aparılmalı olduğunu bildirirlər. Həkim-terapevtin dediyinə görə, həmin xəstələrə Səhiyyə Nazirliyi tərəfindən dərman paketləri ayrılıb. Xəstəxanaya düşənlərin əksəriyyəti qeyri-düzgün aparılan müalicə nəticəsində vəziyyəti ağırlaşanlardır.
COVID-19-un mutasiyalarının müalicə üsulları da bir-birindən fərqlənir. Ona görə də sahə həkimləri mütəmadi təlim kurslarında iştirak edir, müalicə protokolları ilə tanış olurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.