BAKI, 29 yanvar - Sputnik. Azərbaycana idxal edilən AI-95 və AI-92 benzinlərinin gömrük rüsumları müvəqqəti olaraq sıfırlanır.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv olunub.
Həmçinin 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu da ləğv olunub.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.
Qərara görə, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.
Hər iki qərar 2022-ci il 1 fevral tarixindən tətbiq edilir və 2022- ci il 1 iyun tarixinədək qüvvədədir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birinci yarımildə Bakı NEZ-ini (BNEZ) planlaşdırılmış təmirə dayandırmaq niyyətindədir. BNEZ işləmədiyi müddətdə AI-92 benzininin idxalı daxili tələbatdan və ölkədə benzin ehtiyatlarının həcmindən asılı olacaq. Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.