İQTİSADİYYAT

Uçot dərəcəsi qaldırıldı - Manata və inflyasiyaya təsiri necə olacaq?

Mərkəzi Bank uçot dərəcəsinin qaldırılması ilə bağlı qərar qəbul edib. Ekspert bu artımın manata və inflyasiyaya təsirlərinə münasibət bildirib.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıraraq 7,25 faizdən 7,5 faizə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6 faizdə saxlanılıb, yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib.
Bəs, maraqlıdır uçot dərəcəsinin artırılmasının manatın məzənnəsinə və inflyasiyaya təsirləri necə olacaq?
Uçot dərəcəsinin qaldırılması ən çox kredit faizlərinin artımına səbəb olur
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adətən inflyasiyanın qarşısını almaq üçün alətlərdən biri uçot dərəcəsinin artırılmasıdır:
"Amma bir çox ölkələrdə olduğu kimi, bizdə də uçot dərəcəsi ilə inflyasiya arasında birbaşa korrelyasiya yoxdur. Çünki qiymət artımına təsir edən başqa faktorlar da var. Uçot dərəcəsinin artırılması daha çox kredit faizlərinin də yüksəlməsinə səbəb olur. Bu da iqtisadiyyatda çarxların dönməsinə, kreditləşməyə, əsasən də biznes kreditlərinin verilməsinə maneçilik törədir. Yəni faizlər artdıqca maraq azalır. Uçot dərəcəsinin qaldırılması ən çox kredit faizlərinin artımına səbəb olur. Depozitlərdə də faiz artımı ola bilər. Bu, müsbətdir. Lakin kreditlərin bahalaşacağı daha böyük gözləntidir. Çox güman ki, həm istehlak həm də biznes kreditlərində müəyyən bahalaşma olacaq".
İqtisadçı-ekspert Natiq Cəfərli
Uçot dərəcəsinin məzənnəyə birbaşa təsiri yoxdur
"Uçot dərəcəsinin artırılmasının manatın məzənnəsinə birbaşa təsiri varmı sualına ekspert belə cavab verib. Uçot dərəcəsinin məzənnəyə birbaşa təsiri yoxdur. Manatın məzənnəsi daha çox inzibati qaydada tənzimlənir. Uçot dərəcəsinin nə inflyasiyaya, nə də manatın məzənnəsinə birbaşa təsiri olmasa da, ümumi kreditləşməyə müəyyən təsirləri olacaq", - deyə o qeyd edib.
Manatın məzənnəsinə ciddi təzyiq yoxdur
İqtisadçı deyib ki, bu il manatın məzənnəsinin sabit qalması ehtimalı çox yüksəkdir:
"İndiki neft qiymətləri ilə manatın məzənnəsinə ciddi təzyiq yoxdur. Manatın məzənnəsi neftin qiymətindən çox asılıdır. Hazırda Azərbaycan neftinin qiyməti 90 dollardan yüksəkdir. Bundan başqa, hasilatda kiçik artımlar da olacaq. Ona görə manatın məzənnəsinə indiki neft qiymətləri ilə ciddi təzyiqin olması mümkünsüz görünür. Amma bu, o demək deyil ki, manatın məzənnəsi daima eyni səviyyədə qalacaq. Bir müddətdən sonra manatın məzənnəsi ilə bağlı qərarlar vermək məcburiyyəti yaranacaq. Çünki sabit məzənnə rejiminin də öz fəsadları var və biz bunu görmüşük".
Son 3 ildə manatın alıcılıq qabiliyyəti 45-50 faiz dəyərdən düşüb
"Hazırda manatın alıcılıq qabiliyyəti aşağı düşür. Bu, devalvasiya qədər olmasa da, ona bənzər təhlükəli haldır. Son 3 ildə manatın alıcılıq qabiliyyəti 45-50 faiz dəyərdən düşüb. Bu, çox ciddi problemdir, Mərkəzi Bank bununla bağlı konsepsiya hazırlamalıdır", - deyə ekspert əlavə edib.
Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama
Qeyd edək ki, bu gün faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, cari ildə də manatın məzənnəsi sabit olacaq və dayanıqlılığı qorunub saxlanılacaq. Onun sözlərinə görə, bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.
"Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşünürəm ki, əhalimizin milli valyutaya inamı artıb", - deyə o diqqətə çatdırıb.
Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozunu açıqlayıb
Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bu il inflyasiya hədəf diapazonunun yuxarı həddində olacaq.
Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapazonunun mərkəzinə qayıdacaq. Xatırladaq ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.
Mərkəzi Bank sürətlənən inflyasiyanı cilovlamaq üçün artıq 2021-ci ilin ikinci yarısında 3 dəfə faiz artırıb.
İnflyasiyadan asılı olaraq faiz qərarı veriləcək
"Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək", - Mərkəzi Bank ötən ilin son iclasından sonra bildirib.
İnflyasiya artıb
İllik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozunu açıqlayıb
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
Dollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlama
Mərkəzi Bank dollarla bağlı mühüm məlumat yaydı