BAKI, 28 yanvar — Sputnik. Şuşa şəhəri yaxınlığında mülki helikopterin erməni silahlı birləşmələri tərəfindən vurulmasından 30 il ötür.
Sputnik Azərbaycan-ın məlumatına görə, 1992-ci il yanvarın 28-də Ağdamdan uçan Mi-8 tipli mülki helikopter Şuşa rayonunun Xəlfəli kəndi üzərində vurulub.
Erməni quldurların Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin, 3 ekipaj üzvü vardı.
Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak oldu.
Həmin kütləvi qətliamdan 30 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Şuşa yaxınlığındakı bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini vurması ilə Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular.
Həyatını itirənlər arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, jurnalist Alı Mustafayev də vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.