BAKI, 28 yanvar — Sputnik. Yanvarın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi kollegiyasının iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İclasa nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xüsusi təyinatlı təhsil müəssisələri, xidmət və müstəqil şöbə rəisləri cəlb olunublar. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər iclasa videobağlantı vasitəsilə qoşulub.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən ötən il ordu quruculuğu sahəsində aparılan islahatlar, qoşunların imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, silah və texnika ilə təchizatı, maddi-texniki, təminatı, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə geniş məruzə ilə çıxış edib.
General-polkovnik K.Vəliyev qeyd edib ki, hesabat dövrü ərzində Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib. Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib.
Kollegiya iclasında müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı 2021-ci il ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər barədə məruzə ilə çıxış ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci ildə xidməti-döyüş hazırlığının yekunları və 2022-ci tədris ilində qarşıda duran əsas vəzifələr barədə yekun çıxışı edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi altında son illər ərzində əldə edilən uğurları qeyd edib.
Bildirilib ki, ötən illərdə olduğu kimi cari ildə də əsas diqqət Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun qarşısında qoyduğu bir sıra vacib tapşırıqların və bundan irəli gələn mühüm məsələlərin həllinə yönəldilib.
Nazir qeyd edib ki, 2021-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin təhlili qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə yerinə yetirildiyini göstərib.
İclasda Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin inkişafı, təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
General-polkovnik Z.Həsənov hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılmasının 2022-ci ildə də prioritet məsələ olacağını xüsusi qeyd edib.
Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: