SƏHİYYƏ

Dövlət Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət etdi

İcazələr verilmiş əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib. Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görülür.
Xatırladılıb ki, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.
"Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür", - məlumatda qeyd olunub.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayının 7-dən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar "Pfizer" vaksinindən də istifadə edə bilirlər. Hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Qeyd edək ki, "Pfizer" vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.