BAKI, 28 yanvar — Sputnik. Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.
Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.
Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.
Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, ötən ilin oktyabrın 29-da DİN-in "102 - Zəng Mərkəzi"nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat vermişdi.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.