CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 2021-ci ildə hansı uşaq adı ən populyar olub?

Ədliyyə Nazirliyində 45079 vətəndaş soyad sonluğunu dəyişdirmək üçün dövlət qeydiyyatına alınıb.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. 2021-ci ildə uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Yusif, Hüseyn, Uğur və Məhəmməd, qadın cinsindən olanlara Zəhra, Zeynəb, Məryəm, Fatimə və Aylin kimi adların verilməsi üstünlük təşkil edib.
2021-ci il ərzində qeydiyyat orqanlarında 2346 vətəndaşın adının, ata adının və soyadının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb. 45079 vətəndaş soyad sonluğunu dəyişdirmək üçün dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, ötən ildə uşaqlara ən çox Zəhra və Əli adları qoyulub. Sputnik Azərbaycan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, bu il ərzində 1625 uşağa Zəhra, 1624 uşağa Əli adı qoyulub.
Oğlan adları arasında ən çox üstünlük verilən adlar sırasında sonrakı yerdə Yusif adı olub. Belə ki, cari ildə 1548 körpəyə Yusif adı qoyulub. 1505 körpə Hüseyn, 1486 körpə Uğur adı alıb.
Qız adları sırasında sonrakı yerdə Zeynəb adına üstünlük verilib. Cari ildə 1275 qıza bu ad qoyulub. 1217 qız isə Məryəm adını alıb.
Son 5 ildə də ən çox üstünlük verilən oğlan adları Yusif, Əli, Hüseyn, qız adları Zəhra, Zeynəb, Məryəm olub.
Qeyd edək ki, ötən il doğumu qeydə alınan uşaqlara 2021-ci il ərzində Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edib.
2020 və 2021-ci illərdə hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib. 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193 olub. Ötən il ərzində 82 uşağa Xudayar adı verilib. 2020-ci il ərzində cəmi 3 yeni doğulana bu ad aqoyulsa da, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı.
Məlumat üçün bildirək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Xudayar adı Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.