TƏHSİL

Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO

Sosial şəbəkələrdə səs yazısını yazan rüşvət tələb edilən müəllim Sputnik Azərbaycan-a danışıb.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Sosial mediada məktəb direktorunun müəllimdən dərs saatına görə rüşvət tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Sputnik Azərbaycan-ın əməkdaşı Ağstafada sözügedən məktəbdə olub və həmin səs yazısında səsləndirilən iddialara aydınlıq gətirib.
Səs yazısının Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbinin ibtidai sinif müəllimi Vüsalə Məmmədovaya və məktəbin direktoru Mətanət Məmmədovaya aid olduğu iddia olunur. İddiaya görə, məktəbin ibtidai sinif müəllimi V.Məmmədovadan məktəbin direktoru dərs saatına əlavə olunan saatlara görə rüşvət tələb edib.
Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbində
V.Məmmədova Sputnik Azərbaycan-a müsahibəsində dərs saatına əlavə olunan üç saata görə direktorun ondan rüşvət tələb etdiyini bildirib.
“Təqaüdə çıxan qadın müəllim var idi, hansı ki, indi işləyir. Mənim öz qanuni dərsimi direktor ondan alıb özümə qaytardı. Lakin buna görə qarşıma şərt qoydu ki, sən o 3 saatın pulunu mənə verməlisən. 3 saat hazırkı artımla haradasa yüz manata yaxın pul edir. Səs yazısında da aydın bilinir ki, direktor müəllim adını, müəllim ləyaqətini tapdaladı və pula görə məni kabinetindən qovdu”, - deyə məlumat verib.
Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbində
O, diaqnostik qiymətləndirməyə görə, 22 saat dərs apara biləcəyini, lakin kollektivdə hər kəsin dolanması üçün dərslərin sinif müəllimləri arasında böldüklərini bildirib.
Məsələ ilə bağlı danışan direktor müavini İradə Nağıyeva isə məktəbdə direktorun rüşvət alması ilə bağlı söz-söhbət olsa da ondan indiyədək istənilmədiyini deyib.
“Burada bir rüşvət iddiası var. Mən müavinəm. Mən özüm şəxsən ona rüşvət verməmişəm. Amma müəllimlərdən eşitmişəm, var. Bu qədər səs-küy qalxıbsa, səs yazısı sosial şəbəkələrə, mediaya çıxıbsa, yəqin ki, var. Yəni o bir müəllimlə söhbət edəndə kimsəni otaqda saxlamır, təklikdə söhbət edir”, - deyə bildirib.
Məktəbə gedib direktordan münasibət öyrənməyə çalışsaq da, təhsil ocağından bildirildi ki, o, xəstədir və məktəbdə yoxdur.
Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbində
Təhsil şöbəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin məsul şəxsi Nəcibə Vəliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında faktla bağlı Təhsil Nazirliyinə lazımi məlumatın verildiyini və qurumun müvafiq qərarını gözlədiklərini söyləyib.
Onu da deyək ki, artıq məsələni Təhsil Nazirliyi nəzarətə götürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Daha bir məktəb direktorunun səs yazısı barədə araşdırmaya başlandı