CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəqəmsal mühitdə vətəndaşı qoruyacaq qanun hansı zərurətdən hazırlanır?

Elşad Mirbəşiroğlu deyib ki, əgər bir istifadəçi internetdə digər istifadəçinin ləyaqətini təhqir edibsə, o zaman narazı şəxsin özünü müdafiə etmək imkanı olmalıdır.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Son vaxtlar vətəndaşların daha çox xəbərləşdiyi, informasiya aldığı yer virtual məkandır. Bu da vətəndaşlara gerçək xəbərləri daha rahat əldə etmək imkanı yaradır. Belə durum informasiya məkanını nəzarət altında saxlamaq istəyənlərin işinə gəlmir. Ona görə də rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin ortaya çıxmasının alt qatında yatan məqsəd insanların ifadə azadlığını məhdudlaşdırmağa yönələn tədbirlərdir.
Bunu Sputnik Azərbaycan-a müsahibəsində Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu bildirib.
Azərbaycanda rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin hazırlanması Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planına salınıb.
Ələsgər Əhmədoğlu vurğulayıb ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qanun mövcuddur, hazırkı qanunvericilikdə isə vətəndaşların şərəf və ləyaqətini qoruyan bütün müddəalar təsbit olunub: "Həmin konstitusiya qanunu bütün məkanlarda – həm virtual, həm də real həyatda insan hüquq və azadlıqlarını qoruyur. Yaxşı olardı ki, qanun layihəsini hazırlayan komitə bunun hansı zərurətdən irəli gələrək hazırlandığını açıqlasın. Onların qəbul etdikləri qanunlardan xəbəri varsa, baxa bilərlər ki, artıq hər şey mövcud qanunvericilikdə təsbit olunub".
Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu isə saytımıza deyib ki, hazırlanmaqda olan qanun layihəsi bütün cəmiyyətin maraqlarına cavab verir: "Azərbaycanda indiyədək kiberməkanda vətəndaşların hüquqlarını təmin edən mexanizmlər olmayıb. Vətəndaşların hüquqları oflayn rejimdə qorunduğu kimi, virtual məkanda da qorunmalıdır.
Hər bir insanın öz şərəf və ləyaqətini müdafiə etmək imkanı olmalıdır. BMT hətta kiberməkanda insanların hüquqlarını təmin etmək üçün dövlətlərüstü qanunvericiliyin hazırlanması məsələsini qaldırır. Azərbaycana gəlincə, yeni qanun layihəsi bütün internet istifadəçilərinin hüquqlarının qorunmasına yönələcək".
Elşad Mirbəşiroğlu əlavə edib ki, yaxın vaxtlarda Milli Məclisin komitəsində ictimai dinləmələr keçiriləcək, o zaman müvafiq mexanizmlər hazırlanacaq: "Əgər bir istifadəçi internetdə digər istifadəçinin şərəfini, ləyaqətini təhqir edibsə, o zaman narazı şəxsin özünü müdafiə etmək imkanı olmalıdır. Kim məsuliyyət daşıyır? İnternetdə dövlət əleyhinə olan müraciətlərə kim cavabdeh olacaq? - Bu sualların cavabları yeni qanun layihəsində öz əksini tapacaq", - deyə deputat bildirib.
İstifadəçinin kiberməkanda törətdiyi əməllərə görə inzibati, yaxud cinayət məsuliyyəti daşıyacağı sualını cavablandıran M.Mirbəşiroğlu vurğulayıb ki, bundan danışmaq hələ tezdir: "Müvafiq dinləmələr keçiriləcək, mexanizm hazırlanacaq. Bundan sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.