CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Memar: Bakıda parklar bir statusdan çıxıb - VİDEO

Tanınmış memar parkları şəhərimizin "qonaq otağı" hesab edir. Parka gələn turistin, əcnəbi qonağın həmin şəhər haqqında təəssüratları yaranır.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Son zamanlar Azərbaycan Prezidentinin və vitse-prezidentinin iştirakı ilə Bakıda və bölgələrimizdə bir neçə park kompleksləri açılıb ki, bu da parkların, istirahət zonalarının əsas yer tutduğu şəhər mühitinin yeni konsepsiyasının həyata keçirilməsindən xəbər verir.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında tanınmış memar, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr, yeni formatlı heykəl layihələrinin müəllifi Cahid Həsənovla şəhərimizdə və bölgələrimizdə salınan parkların vəziyyətindən, orada yaranan problemlərdən, görüləcək işlərdən danışdıq.
Tanınmış memar parkları şəhərimizin "qonaq otağı" hesab edir. Parka gələn turistin, əcnəbi qonağın həmin şəhər haqqında təəssüratları yaranır: "Parklar bir növ sosial tədris ocağı rolunu oynayır. Əvvəllər iki park var idi: Bakı Bulvarı və Fəvvarələr Meydanı. Son illər isə parkların mahiyyəti də dəyişib. Siyasi parklar, sosial parklar, gənclər parkı, qəhrəmanlıq mövzusunda olan parklar və s. Parklar bir statusdan çıxıb, şaxələndi. Təəssüf ki, bəzən əhalimiz parkların mahiyyətini anlamırlar. Mənə sual verirlər ki, siz filan parkın memarısınız, niyə orada piknik etməyə, heyvanımla gəzməyə, idman geyimində qaçmağa icazə vermirlər? Onlara deyirəm, seyrəngah ayrı, gəzinti parkı, uşaq parkı, qəhrəmanlıq parkı başqadır".
C.Həsənov təklif edir ki, beynəlxalq trasların kənarında müəyyən qədər sahələr ayrılsın, yaşıllıqlar qoynunda seyrəngahlar düzəldilsin: "Sürücü 4-5 saat yol gedir, yorulan zaman maşınını saxlayıb həmin parkda dincələ bilər".
Cahid Həsənov
Müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, bölgələrdə standartlaşma baş alıb gedir. Regionlardakı memarlıq şöbələrindəki memarların əksəriyyətinin heç bu sahədən anlayışı yoxdur: "Mən özüm məmur olduğum vaxt öz ideyalarımı həyata keçirə bilmirdim. Ona görə də məcbur olub işdən çıxdım, öz ideyalarımın arxasınca getdim. Ümumiyyətlə, bu sahə özü bir elmdir. Hər bölgənin özünə xas xüsusiyyətlərinə görə, təbiətinə görə və özünün tikinti materiallarına görə parklar qurulmaldır. Baxırsan ki, bir memar Aran bölgəsi üçün bir park layihəsi verir, həmin lahiyəni şimal bölgəsində də, cənub bölgəsində də tətbiq edirlər. Bəzən park salırlar, buz bağlayır, insanlar orada gəzə bilmirlər".
Memar vurğulayır ki, bölgələrdə parklar salınan zaman təbiəti ilə bərabər, oranın milli ornamentləri də nəzərə alınmalıdır: "Məsələn, cənub bölgəsində, şimal bölgəsində inşa edilən parklarda həmin bölgəyə xas milli ornamentlər kiçik kompozisiya şəkilində parkda tərənnüm olunmalıdır".
Cahid Həsənov
Qəhrəmanlıq parkının salınmasına gəldikdə isə tanınmış memar bildirir ki, sovet tendensiyasını qəbul etmir: "Sovet vaxtı müharibə qəhrəmanına heykəl qoyulanda mütləq yaralanmış əsgər, qucağında şəhid olmuş əsgər, arxada ağlayan ananı təsvir edirdilər. Mən bunu rədd edirəm. Kimsə öz övladına, nəvəsinə həmin heykəli göstərmək istəməz. Çünki uşaqların psixologiyasına mənfi təsir edə bilər. Mənim işlədiyim bütün layihələrdə əsgər gülür, məğrur dayanır, ətrafında göyərçinlər uçur. Heykəldə xeyrin şərə qalib gəldiyini göstərmək lazımdır. Şəhidlər xiyabanını ildə bir dəfə ziyarət edilən bir məkan kimi deyil, qəhrəmanlıq parkı kimi görmək istəyirəm".
Tanınmış memar bütün Türkdilli ölkələrin artıq simvoluna çevrilmiş, düşmənlərimiz tərəfindən oğurlanmış məşhur "Sarı gəlin" xalq mahnımızın şərəfinə "Sarı gəlin" abidə kompleksini hazırlayıb. Cahid müəllim bildirir ki, həmin abidə kompleksinin formatı, zənginliyi, effektivliyindən dolayı məsuliyyətini dərindən dərk etdiyindən hər bir kiçik detalı üzərində aylarla işləyib.
Memar sözügedən abidə məkanında "Sarı gəlin" Beynəlxalq Musiqi festivalı keçirilməsini arzu edir: "Dünyadan "Sarı gəlin" mahnımızı ifa edən bütün musiqiçilər, müğənnilər, rəqqasələr, ifaçılar həmin festivala gəlib öz ifalarını təqdim etsinlər, mükafatlar ayrılsın. Bütövlükdə, bu, bayram əhval-ruhiyyəli silsilə bir aksiya olar. Müxtəlif stendlər olacaq: Tar, kamança, balaban və s. Tutaq ki, gələn turist istəyəcək ki, "Sarı gəlin"i tar versiyasında dinləsin. Stendə yaxınlaşacaq, "Sarı gəlin"i tarda dinləyəcək. Biz bununla gələn turistdə çatdıracağıq ki, bu mahnı bizə məxsusdur. Ermənilər bunu bizdən oğurlayıblar. "Sarı gəlin" heykəlinin yaradılması, bədən karkasının tapılması üçün mən onlarla gözəllik yarışına qatılmışam. Bu gün modern dünyada 90-60-90 gözəllik meyarı hesab olunursa, "Sarı gəlin"i o hala sala bilmərik. Olduğu kimi də verə bilmərik. Elə bir ortaq məxrəc tapılmaldır ki, musiqi sədası gələndə daş heykəlin səmada rəqs etməsini görə bilək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.