BAKI, 27 yanvar — Sputnik. Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağı üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"na əsasən, "Dostluq" yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun dördüncü iclası keçirilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın dövlət naziri - "Türkmənqaz" Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi və İşçi Qrupu üzvlərinin iştirakı ilə keçirilən iclasda "Dostluq" yatağı üzrə tərəflər arasında danışıqlar prosesi çərçivəsində tərəqqidən məmnunluq ifadə edilib və layihənin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb.
İşçi Qrupu nəzdində fəaliyyət göstərən Birgə Ekspert Qrupunun növbəti görüşünün yaxın zamanda keçirilməsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi üzrə Tərəflər arasında Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfdən İşçi Qrupu Azərbaycan Prezidentinin 25 fevral 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb.
"Dostluq" yatağı
Qeyd edək ki, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni "Aralıq" adlandırılıb. "Dostluq" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Hər iki respublika müstəqillik əldə etdikdən sonra bu neft-qaz yatağı mübahisə predmeti olub.
2021-ci il yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb.
Memorandumun təsdiqi
2021-ci il fevralın 25-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.