BAKI, 27 yanvar — Sputnik. Tanınmış iş adamı, "Bakı" futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.