BAKI, 27 yanvar — Sputnik. Ötən il qiymətləri ən çox bahalaşan ərzaq məhsulları məlum olub.
Ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2021-ci ilin dekabr ayında 2020-ci ilin dekabr ayı ilə müqayisədə ən yüksək bahalaşma tərəvəz məhsullarında qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti 58,7 faiz artıb. Təkcə dekabrda ondan əvvəlki ayla müqayisədə tərəvəzlərin qiyməti 9,6 faiz qalxıb.
"Gümüş medal"ın sahibləri
Ötən ilin dekabrında 2020-ci ilin dekabrına nisbətən tərəvəzlərdən sonra ən çox bahalaşma kərə və bitki yağlarında (14,1 faiz), süd və süd məhsulları, yumurtada (14 faiz), balıq və balıq məhsullarında (12,6 faiz), meyvələrdə (12,4 faiz), qənd, cem, bal, şokolad və konfetlərdə (12,1 faiz) olub.
Həmçinin çörək, çörək məmulatları və yarmalar 11 faiz, çay, qəhvə, kakao 8 faiz, tütün məmulatları 8,3 faiz, ət və ət məhsulları 4,3 faiz qalxıb.
Ən çox bahalaşma kələmdə olub
Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına əsasən, 2021-ci ilin dekabrında 2020-ci ilin dekabrına nisbətən tərəvəzlər içərisində ən çox bahalaşma kələmdə - 5,3 dəfə, kartofda - 2,1 dəfə, pomidorda - 2 dəfə, gül kələmində - 42,7 faiz qeydə alınıb.
Tovuz kartofunun topdansatış qiyməti ötən ilin dekabrında 1 manat olub, 2020-ci ilin dekabrında isə 48 qəpik idi.
Qusar kələminin topdansatış qiyməti dekabrda 1 manat 5 qəpik olub, 2020-ci ilin dekabrında isə 20 qəpik idi.
Dekabrda Zirə pomidorunun topdansatış qiyməti 1 manat 60 qəpik olub, 2020-ci ilin dekabrında isə 80 qəpik idi.
Hansı məhsul ucuzlaşıb?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin qiymətlərində müşahidə olunub.
Həmçinin narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində də artıq müşahidə edilib.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən il ərzaq məhsulları 8,1 faiz qalxıb
Qeyd edək ki, 2021-ci ildə istehlak qiymətləri 2020-ci ilə nisbətən 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz bahalaşıb.
2021-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 12,0 faiz yüksəlib.
Ötən ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 15,8 faiz qalxıb.