İQTİSADİYYAT

Azərbaycan və Türkiyə arasında bir milyard avroluq müqavilə - ŞƏRH

Türkiyə və Azərbaycan arasında 1 milyard avroluq valyuta svopunun imzalanması gözlənilir. Ekspertlər məsələni Sputnik Azərbaycan-a şərh ediblər. Onların fikrincə, Azərbaycan və Türkiyə birbaşa manat və lirə ilə ticarət edə biləcəklər.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Türkiyə Azərbaycanla 1 milyard avro dəyərində valyuta svopu müqaviləsini imzalamağa yaxındır. "Middle East Eye" saytının yazdığına görə, Türkiyə və Azərbaycan mərkəzi bankları arasında bir müddətdir valyuta svopu razılaşması üzrə aparılan danışıqlar son mərhələyə çatıb. Təklif olunan müqavilə Türkiyənin valyuta ehtiyatlarını qorumaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svopu müqavilələrindən biridir.
Söhbət manat ilə lirədən gedir, avro isə ölçü vahidi kimi qoyulub
Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, svop dəyişmək deməkdir: "Valyuta svopu bir valyutanın digər valyutaya dəyişməsi ilə bağlı razılaşmadır. Əgər müqavilə bağlansa, Azərbaycan 1 milyard avro dəyərində olan manatı Türkiyəyə verəcək, 1 milyard avro dəyərində olan lirəni Türkiyədən alacaq. Hər iki ölkə bunları öz hesablarında saxlayacaq.
Hələlik müqavilə bağlanmadığı üçün onun şərtləri də məlum deyil. Burada söhbət manat ilə lirədən gedir, avronu isə ölçü vahidi kimi qoyublar. Müqavilənin şərtlərində məzənnənin necə müəyyən olacağı, faizin olub-olmayacağı və s. öz əksini tapacaq. İndiyədək Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və İran ilə bu cür müqavilələri var. Qarşılıqlı ödənişlərdə bundan istifadə olunacaq".
"Türkiyə bu addımı atsa, əslində müvəqqəti valyuta borclanması həyata keçirəcək"
İqtisadçı bildirib ki, Türkiyənin valyuta ehtiyatları azalıb: "Bu da lirəyə əlavə təzyiq formalaşdırır, problemlər yaradır. Türkiyə bu addımı atsa, əslində müvəqqəti valyuta borclanması həyata keçirmiş olacaq. Başqa sözlə, Türkiyə Mərkəzi Bankı valyuta rezervini artırır. Burada söhbət təkcə dollardan getmir, digər etibarlı valyutalardan da gedir. Bu, Türkiyənin xarici ticarətinin maliyyələşdirilməsinə imkan yaradır".
Xalid Kərimli
Azərbaycan və Türkiyə birbaşa manat və lirə ilə ticarət edə biləcəklər
"Bu addım iki ölkə arasında əlaqələrin, ticarətin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyə birbaşa manat və lirə ilə ticarət edə biləcəklər. Burada dollardan imtina edilmir, sadəcə 1 milyard avro dəyərində öz aralarında aparacaqları ticarətdə bundan istifadə edəcəklər. Bu prosesdən heç bir ölkə ziyan çəkməyəcək", - deyə o əlavə edib.
Müqavilə Türkiyənin maliyyə sisteminə dəstək olacaq
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, əgər valyuta svopu müqaviləsi bağlansa, bu, Türkiyənin maliyyə sisteminə dəstək olacaq: "Eyni zamanda Azərbaycanın reytinqinə də müsbət təsir edəcək. Bundan kommersiya məqsədilə istifadə olunacaq. Bu addım region ölkələri, o cümlədən bizim üçün müsbət haldır. Müqavilə bağlansa, Azərbaycanın maliyyə sistemi bundan mənfəət əldə edəcək, digər tərəfdən də Türkiyəyə dəstək olacaq".
İqtisadçı ekspert - Emin Qəribli
S&P Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildirib
Qeyd edək ki, "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildirib.
S&P Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında Türkiyənin Mərkəzi Bankının valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün svop müqaviləsi üzrə müzakirələrin getdiyindən xəbərdar olduğunu bildirib.
"Biz mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bunun da Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik," - S&P bildirib.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə və BƏƏ arasında müvafiq olaraq 18 milyard dirhəm və 64 milyard lirə məbləğində valyuta svopu müqaviləsi imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.