RUSİYA

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri bərpa edildi

Qətnamədə bildirilir ki, AŞPA bütün Avropa ölkələrinin iştirakı ilə siyasi dialoqların aparılması üçün yeganə ümumavropa parlament platformasıdır:
Sputnik
BAKI, 26 yanvar - Sputnik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinə dair qətnamə qəbul olunub.
AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini qurumun tərkibində bərpa edib.
Qətnamədə bildirilir ki, AŞPA bütün Avropa ölkələrinin iştirakı ilə siyasi dialoqların aparılması üçün yeganə ümumavropa parlament platformasıdır:
“Buna görə də o, Assambleyaya Rusiya Federasiyasının nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyə və bu ilin sonunda növbəti hesabat təqdim edərək əldə edilmiş tərəqqinin qiymətləndirilməsinə qərar verir”.
Bu barədə məlumatı Report yayıb.
Qeyd edək ki, ötən gün yayılan məlumata görə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib.
Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin başçısı, nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib ki, AŞPA rusiyalı nümayəndə heyətinin səlahiyyətini büövlükdə təsdiqləməzsə, onlar Strasburqu tərk edəcəklər.
Xatırladaq ki, yanvarın 25-də AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 28-dək davam edəcək.
Ötən ilin sentyabrında Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub.
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Kruqlının sözlərinə görə, buna səbəb isə Avropa İttifaqının “Sputnik V” vaksinini tanımamasıdır.
Nümayəndə heyətinə “qırmızı zona”dan gəlmələri barədə xəbərdarlıq edilib və bildirilib ki, onlar ancaq qaldıqları hoteldən AŞPA-nın yerləşdiyi binaya gəlib-gedə bilərlər.
Rusiyalı senator qeyd edib ki, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin “qırmızı zona”dan gəlmələrinə baxmayaraq, onların sərbəst hərəkətinə icazə verilib: “Çünki onlar “Pfizer”lə peyvənd olunublar”.