BAKI, 26 yanvar — Sputnik. Son günlər sosial platformada vətəndaşların müvəqqəti qeydiyyatının ləğv edildiyi, polisin inzibati binalarında qeydiyyata götürülmədiyi ilə bağlı şikayətlərə rast gəlinir. Daxili İşlər Nazirliyi (DİN) bunun səbəbini açıqlasa da, vətəndaşlar hazırda qeydiyyatla bağlı ciddi problem yaşadıqlarından gileylənirlər. Sputnik Azərbaycan müvəqqəti qeydiyyatı ləğv olunan, yaxud da polisə müvəqqəti qeydiyyata düşə bilməyən şəxslərin problemlərini araşdırıb.
Polisdə qeydiyyat dayandırılıb
Mövzu ilə bağlı öncə paytaxtdakı rayonlardan birinin polis idarəsi ilə əlaqə saxlayırıq. Səbail Rayon Polis İdarəsindən bildirirlər ki, hazırda vətəndaşların polisin inzibati binasında qeydiyyatı mümkün deyil. Bunun səbəbinin verilən göstərişlə əlaqəli olduğunu bildirdilər. Səbail RPİ-nin qəbul şöbəsindən onu da dedilər ki, polisdə qeydiyyat üçün müraciət edən bütün vətəndaşlar ASAN Xidmət mərkəzlərinə yönləndirilirlər.
Əlaqə saxladığımız digər RPİ-lərdən də vətəndaşların polisin inzibati binasına qeydiyyatının dayandırıldığını, hətta qeydiyyatda olanların çıxarıldığını söylədilər. Qeyd etdilər ki, vətəndaşlar bunun üçün ASAN Xidmət Mərkəzlərinə müraciət etməlidirlər.
ASAN Xidmətin də başqa tələbi var
ASAN Xidmətdən isə sualımıza cavabda bildirdilər ki, bunun üçün vətəndaşın paytaxtda əmlakı olmalıdır, yaxud da kirayə qaldığı, eləcə də qohumlarından birinin razılığı əsasında onların yaşadığı mənzilə qeydiyyata düşə bilər: "Vətəndaş iki halda ASAN Xidmət Mərkəzinə müraciət edərək yaşadığı yer üzrə qeydiyyata düşə bilə bilər. Birinci hal vətəndaşın özünün paytaxtda evinin olmasıdır. Əgər vətəndaşın mənzili yoxdursa, o, kirayə qaldığı mənzilin sahibinin, yaxud da qohumunun razılığı əsasında onların mənzilinə qeydiyyata alına bilər".
Ev sahibləri kirayəşinləri qeydiyyata götürmürlər
Qeyd edək ki, hazırda daxili miqrasiyanın nəticəsində paytaxtda minlərlə insan kirayələrdə yaşasa da, onlar faktiki yaşadıqları ünvana qeydiyyata düşə bilmirlər. Çünki ev sahibləri kirayə götürdükləri şəxsləri öz mənzilinə qeydiyyata götürməkdən imtina edirlər. Bu zaman vətəndaşın yeganə ümid yeri polisin inzibati binasına qeydiyyata düşmək olur ki, artıq son bir aydır bu da mümkün deyil.
Vətəndaşlar niyə polisdə qeydiyyata düşürlər?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mərhum prezident Heydər Əliyevin 4 aprel 1996-cı ildə imzaladığı 55 nömrəli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanun var: "1997-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanunda vətəndaşların müvəqqəti qeydiyyata alınma məsələləri öz əksini tapıb. Yaşadığı yer üzrə qeydiyyatdan çıxıb başqa bir ünvanda yaşadığı halda vətəndaş müvəqqəti qeydiyyata düşməlidir.
Müvəqqəti qeydiyyat üçün isə mülkiyyət sahibinin həmin şəxsi öz üzərinə qeydiyyata götürməsi tələb olunur. Amma insanların çoxu belə şəxslər tapa bilmədiklərindən polisin inzibati binasında qeydiyyata düşürlər. Polisin, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna əsasən, vətəndaşı qeydiyyata almaq hüququ var".
Müvəqqəti qeydiyyat ləğv olunmayıb, dayandırılıb!
A.Allahverənov bildirir ki, hazırda polisin inzibati binasında qeydiyyatda olan çoxlu sayda insan var: "Bu rəqəm açıqlanmasa da, hazırda Bakıda yaşayanların müəyyən hissəsini müvəqqəti qeydiyyatda olan insanlar təşkil edir. Daxili miqrasiya kifayət qədər intensivdir. İnsanlar bölgələrdən Bakıya iş və sair məqsədlər üçün gəlirlər. Amma digər tərəfdən burada bir pərakəndəlik ortaya çıxır.
Bakıda polisin inzibati binasında qeydiyyata düşən insanlar mülk sahibi olur, yaxud da başqa bir mülkdə qeydiyyata düşsələr də polisi məlumatlandırmırlar. Bu zaman polis həmin şəxsləri sorğulara əsasən axtararkən tapa bilmir. Ona görə də müvəqqəti qeydiyyatda olanlarla bağlı DİN araşdırmalara başlayıb. Hər kəs müvəqqəti qeydiyyatın ləğv olunduğunu yazsa da, ifadə düzgün deyil. Müvəqqəti qeydiyyat ləğv olunmayıb. Çünki bununla bağlı qanun var. Bu gün qanunun dəyişdirilməsi ilə bağlı hər hansı təşəbbüs yoxdur".
Ümid yenə polisədir
Ekspertin sözlərinə görə, hazırda polisin inzibati binasında olan şəxslərlə bağlı araşdırma aparılarkən kiminsə özünə ev tikib başqa ünvana yaşadığı müəyyən olunursa, həmin şəxslər polisdə qeydiyyatdan çıxardılır ki, öz yaşadıqları yer üzrə qeydiyyata düşsünlər.
O deyir ki, burada həssas məsələ araşdırmalara başlanılması ilə bağlıdır: "Devalvasiya və pandemiya dövründə xeyli insan Bakıda iş yerləri bağlandığından öz rayonlarına qayıtdı. Bu baxımdan DİN-in araşdırması normaldır. Amma araşdırma ilə yanaşı, vətəndaşın qeydiyyatı təcilidirsə, bu iş paralel aparıla bilər.
Tutaq ki, hər hansı insan səhhətində yaranmış problemdən dolayı bir neçə ay Bakıda qalmalıdır. Bu zaman vətəndaş səhhətindəki problemi əsas gətirməklə müvəqqəti qeydiyyata alına bilər. Polis onu öz inzibati binasında müvəqqəti qeydiyyata almasa da, başqa bir inzibati binaya qeydiyyata sala bilər. Amma digər vətəndaşlar belə problemlə üzləşiblərsə, polis də onlara müvəqqəti qeydiyyatın araşdırma aparılması səbəbindən dayandırıldığını deyirsə, onlar ən azı bu proses başa çatanadək gözləməli, daha sonra polisə qeydiyyat üçün təkrar müraciət etməlidirlər".
DİN müvəqqəti qeydiyyatı niyə dayandırıb?
Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb. DİN-in Mətbuat Xidmətinin yaydığı xəbərə görə, xidmət rəisi Ehsan Zahidov bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.
Zahidovun dediyinə görə, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar:
"Hazırkı araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmamış və ya bu barədə polis orqanlarına məlumat verilməmişdir. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir".
DİN rəsmisi əlavə edib ki, bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır:
"Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o, polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna uyğun şəkildə təmin edilir".
Xatırladaq ki, ötən həftədən etibarən sosial şəbəkələrdə yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi ilə bağlı şikayətlər paylaşılıb. Bu günə qədər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrinə müraciət edərək orada müvəqqəti qeydiyyata düşə bilirdilər. Lakin son bir neçə gün ərzində bu qeydiyyat kütləvi şəkildə ləğv edilib. Cəmiyyətə maraqlı olan məqam isə bunun hansı səbəbdən baş verməsidir.
DİN-in Mətbuat Xidmətinin şöbə müdiri, Elşad Hacıyev açıqlamasında bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır. Onun sözlərinə görə, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.