AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bu yerlərdə parklanma cəriməyə səbəb olacaq

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə görə, cərimənin məbləği 40 manat olacaq.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində qeyd edilib.
Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, parklanma yerlərinin təşkili və istifadəsi qaydalarının pozulmasına görə olan maddələr təkmilləşdirilir.
Belə ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödənişi etmədən, yaxud ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş etmədən parklanma yerini tərk edən sürücü on manat məbləğində cərimə olunacaq.
Qüvvədə olan Məcəllədə qed olunur ki, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.
Təklif edilən digər dəyişikliklə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.