İQTİSADİYYAT

Azərbaycanda pambığın fermerlərdən alış qiyməti yenə qalxdı

Sonuncu dəfə pambığın alış qiyməti 2021-ci il avqustun 18-də artırılmışdı.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. "Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar: "Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".
Qeyd edək ki, sonuncu dəfə pambığın alış qiyməti 2021-ci il avqustun 18-də artırılmışdı. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Pambığa "qədir ağacı" əkənlər: Geyinək, yoxsa yeyək?
* "Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"