BAKI, 26 yanvar — Sputnik. Bu gün Xalq artisti Aygün Kazımovanın 51 yaşı tamam olur. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özəl günündə də pərəstişkarlarını unutmayıb və onları sevindirib. Kazımova sevənlərinə hədiyyə təqdim etmək qərarına gəlib.
Pop diva yeni rusdilli albomundan olan "Nirvana" mahnısına çəkilmiş klipi təqdim edib.
"Yeni klipimi sizinlə paylaşmaq üçün daha yaxşı gün düşünə bilməzdim!", - deyə A.Kazımova bildirib.
Xalq artisti yeni klip üzərində işləyərkən ətrafına peşəkarları toplayıb. Klipin rejissoru Əli Abbasov, montajçısı isə Fuad Əlişovdur. Aygün Kazımovanın obrazları üzərində isə modelyer Elnarə de Birbuet çalışıb.
Pop divamızın fanatları da ona qeyri-adi sürpriz hazırlayıblar. Belə ki, Xalq artisti Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Xalq artisti bu barədə özünün "Instagram" hesabında məlumat verib. Ağacəkmə aksiyası "50+1" adlanır. Abşeron yarımadasının iqliminə uyğun olaraq, Hövsanda zeytun ağacları əkilib.
Fanatların zeytun ağaclarını seçməsində başqa bir səbəb isə zeytunun uzunömürlük, sülh və sevginin simvolu olmasıdır. Onlar əkdikləri ağacları Aygün xanıma olan sevgilərinin nişanəsi kimi qiymətləndiriblər.