BAKI, 26 yanvar — Sputnik. Ağsu rayonu, Ərəbmehdibəy kəndində, yaşayış olan yerdən təxminən 10 kilometr aralıda çöllük ərazidə yaşayan Əzəmət Mikayılova Möhübbət qızı ilə bağlı Rayon İcra Hakimiyyəti açıqlama verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, açıqlamada deyilir ki, Ə.Mikayılova 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlib.
Sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı, qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib:
"Lakin, qadın qardaşı ilə birlikdə yaşamaqdan imtina edib, yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam edib. Səhhətində problemlər olduğundan qadın "Ağsu Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə xəstəxanaya göndərilib".
Sosial Xidmətlər Agentliyi də həmin qadının yaşadığı əraziyə baş çəkib.
Agentliyin açıqlamasında qeyd edilib:
"Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Onun ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi, təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi.
Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!"
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində ahıl qadının çətin şəraitdə yaşadığını əks etdirən görüntülər yayılıb. Bildirilib ki, qadın 10 ildir ki, vəhşi heyvanlarla dolu olan çöllükdə baxımsız, kimsəsiz vəziyyətdə yaşayır.