İQTİSADİYYAT

Yumurta istehsalı azalıb, qiymət bahalaşıb - səbəblər - VİDEO

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən toyuq yumurtasının qiyməti 3,1 faiz bahalaşıb. Yumurta ən çox bahalaşan ərzaq məhsulları arasında olub.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda yumurta istehsalı azalıb, qiymət isə bahalaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci ildə ölkədə yumurta istehsalı 2020-ci illə müqayisədə 3,5 faiz azalaraq 1 milyard 838,8 milyon ədəd olub. 2020-ci ildə ölkədə 1 milyard 906,2 milyon ədəd yumurta istehsal edilib.
Müəssisələr üzrə quşların sayı azalıb
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il quşçuluq müəssisələrində diri çəkidə 72,9 min ton quş əti və 656,7 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 955,2 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 196 ədəd yumurta alınıb. 2020-ci ildə isə müəssisələr üzrə cəmi quşların sayı 11 milyon 671,3 min baş olmuşdu.
Yumurtanın qiyməti qalxıb
DSK-nın məlumatına görə, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən toyuq yumurtasının qiyməti 3,1 faiz bahalaşıb. Yumurta ən çox bahalaşan ərzaq məhsulları arasında olub. Keçən ilin noyabr ayında isə oktyabra görə qiymət 4 faiz artıb.
Hazırda ağ yumurta 17-20 qəpiyə, sarı yumurta 20-24 qəpiyə, kənd yumurtası isə 30 qəpiyə satılır.
Mağazalar istədiyi qiyməti qoyub sata bilirlər
Xatırladaq ki, bundan öncə Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında demişdi ki, mağazalarda satılan yumurtaların qiyməti istehsalçının qoyduğu qiymət deyil. Mağazalar istədiyi qiyməti qoyub sata bilirlər. Pərakəndə satışın bizə aidiyyəti yoxdur.
Xaricdə yem çox bahadır
O bildirib ki, xaricdə yemin qiyməti həddindən artıq bahadır: "İstər-istəməz yumurtanın qiymətində dəyişiklik olmalıdır. Əvvəl soyanın 1 tonunu 800 manata alırdıq, indi isə soyanın 1 tonunun qiyməti 1300 manatdır. Bir ton qarğıdalının qiyməti 360 manat idi, indi 480 manatdır. Bir ton buğda 330 manat idi, indi isə 420-440 manatdır. Günəbaxan yağı 1600 manat idi, indi 3 min manat olub. Günəbaxan jmıxı 350 manat idi, indi isə 650-700 manat olub. Yem əlavələri ümumilikdə 32 faiz artıb. Yemlər bizə xaricdən alınıb gətirilir. Yerli yem istehsalı çox azdır".
"Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin. Məsələn, 1 ton soyanın vergisi 50 dollardır. Burada nəqliyyat xərcləri də var. Quş istehsalında maya dəyərinin 70 faizini yem təşkil edir və yem ilə bağlı idxaldan asılılıq çoxdur", - deyə A.Vəliyev qeyd edib.
O əlavə edib ki, Azərbaycanda illik təxminən 100 min tondan çox quş əti, 1 milyarddan çox yumurta istehsal edilir və yerli istehsal tələbatı ödəyir.
Onu da bildirək ki, 2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.