DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbul hava limanı qapadıldı, Yunanıstan qeyri-iş günü elan etdi

Türkiyə və Yunanıstanda yağan güclü qar həyatı iflic edib. İstanbuldakı hava limanları təyyarə reyslərinin qəbulunu müvəqqəti dayandırıb.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Turkish Airlines" şirkətinin baş direktoru Bilal Ekşi özünün "twitter" hesabında məlumat verib. Bilal Ekşi bildirib ki, uçuş-eniş zolaqlarının təmizlənməsi istiqamətində fəal işlər aparılır. Saat 13:00-dan sonra hava limanının fəaliyyəti bərpa olunacaq.
Xatırladaq ki, hava şəraitinin pisləşməsi Türkiyənin müxtəlif regionlarında çoxsaylı yol-nəqliyyat hadisələrinə səbəb olub. Meteoroloqlar qarın bir həftə davam edəcəyini açıqlayıblar.
Antalyaya 27 il sonra qar yağıb
Türkiyənin cənubunda yerləşən kurort şəhəri Antalyaya da 29 ildən sonra ilk dəfə qar yağıb.
Şəhərə qar bu gün yerli saatla 03:00-da yağmağa başlayıb.
Məlumata görə, sonuncu dəfə 1993-cü ilin yanvarın 7-də Antalyada 5 sm qar düşüb.
Türkiyənin başqa şəhərləri də ağ örpəyə bürünüb.
Qar Yunanıstanda da həyatı iflic edib
Yunanıstanda isə həyatı iflic edən güclü qar səbəbindən yanvarın 25-i ölkədə qeyri-iş günü elan edilib.
Bu barədə iqlim böhranı və mülki müdafiə məsələləri üzrə nazir Xristos Stilianidis brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları, təhlükəsizlik xidmətləri, Silahlı Qüvvələr, səhiyyə müəssisələri və ictimai nəqliyyatda çalışan şəxslərdən başqa bütün dövlət orqanlarının əməkdaşları işləməyəcək.
Bundan əlavə, ölkədə təhsil müəssisələri, uşaq bağçaları, uşaq mərkəzləri bağlanacaq, distant təhsil həyata keçirilməyəcək.
Özəl müəssisələrin fəaliyyəti də birgünlük dayandırılacaq. Yalnız ərzaq mağazaları, əczaxanalar və digər səhiyyə strukturları, yanğınsöndürmə məntəqələri, həmçinin pis hava şəraiti ilə mübarizə ilə məşğul olan təşkilatlar çalışacaq.
Bu barədə məlumatı həmçinin Sputnik Azərbaycan-ın teleqram kanalından izləyin!