SƏHİYYƏ

Selenin çatışmazlığı hansı xəstəliklərin yaranmasına səbəb ola bilər

Tədqiqatlar göstərib ki, ürəyin işemik xəstəliyi əksər hallarda qanda selenin aşağı səviyyədə olmasından qaynaqlanır.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. İnsan orqanizminin fəaliyyətində selen əhəmiyyətli rol oynayır, ancaq onun çatışmazlığı ciddi problemlərə və xəstəliklərə səbəb ola bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə həkim-diyetoloq İrina Rıl bildirib.
"Selen - güclü antioksidantdır. DNT-nin zədələnməsinin qarşısını almaq, immun sisteminin möhkəmlənməsini təmin etmək və xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. Selen orqanizmdə iltihabi prosesləri aradan qaldırmağa və CRP iltihabi marker (C-reaktiv zülal - red.) səviyyəsini azaltmağa kömək edir. Tədqiqatlar göstərib ki, ürəyin işemik xəstəliyi əksər hallarda qanda selenin aşağı səviyyədə olmasından qaynaqlanır. Sərbəst radikallar nəzəriyyəsi də bunu təsdiqləyir", - deyə həkim Rıl qeyd edib.
"Orqanizmdə selen çatışmazlığı haşimoto uru və hipotireoz kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Alzheymer xəstəliyi olan insanlarda selen maddəsinin kritik dərəcədə aşağı səviyyədə olması müəyyən olunub.
Onun terapevtik dozada istifadəsi vəziyyəti yaxşılaşdırmağa imkan verir. Selen arsenin antaqonistidir, orqanizmi kadmium, qurğuşun, tallium və civənin təsirindən qoruyur. Selenin üstünlüyü ondan ibarətdir ki, o, C və E vitaminlərini aktiv vəziyyətinə qaytarır, buna görə də bu maddə, C və E vitaminləri, eləcə də sink bir-birinin təsirini gücləndirərək bir qəbulda yaxşı təsir göstərir", - deyə həkim-diyetoloq vurğulayıb.
Mütəxəssis vurğulayıb ki, Braziliya qozu, midyə, dəniz məhsulları, yumurta, sardina balığı selenlə zəngindir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.