Yunanıstan hökuməti ölkəni iflic vəziyyətinə gətirən güclü qar yağması səbəbindən yanvarın 24-nü qeyri-iş günü elan edib. İstanbul şəhər rəhbərliyi isə eyni səbəbdən meqapolisdə fərdi avtomobillərin istifadəsinə qadağa qoyub.
Rusiya Energetika Nazirliyindən bildirilib ki, yağışlı qar və külək səbəbindən Krasnodar diyarı və Adıgey Respublikasında 33 mindən çox insan elektrik enerjisindən məhrum olub.
Kubanın paytaxtına şənbə günündən bəri güclü qar yağmağa başlayıb, Krasnodar Beynəlxalq Hava Limanı bir neçə dəfə öz işini dayandırıb, sonuncu dəfə bazar ertəsi səhər saatlarına qədər uçuşlar təxirə salınıb.
Artıq üçüncü gündür ki, bölgədə, Kuban və Adıgeyin mərkəzi rayonlarında sulu qar şəklində güclü yağıntılar və cənubda güclü küləklə müşayiət olunan leysan yağışlar ara vermir. Sinoptiklərin məlumatına görə, Krasnodar və onun ətraf ərazilərində bütün meteoroloji müşahidələr tarixində yağıntı səviyyəsinə görə rekord qeydə alınıb – qarın qalınlığı 41 santimetrə bərabər olub. Dağlıq bölgələrdə isə (Tuapsinks) qar yığınlarının hündürlüyü iki metrə çatıb.
Əlverişsiz hava şəraiti səbəbindən minlərlə sərnişin İstanbul Hava Limanında qalıb. Güclü qar yağması nəticəsində hava limanında bütün uçuşlar təxirə salınıb, aeroporta gedən yollar bağlanıb.
Hava limanının rəhbərliyi bildirib ki, uçuş-enmə zolağındakı təyyarələrdə qalan sərnişinlərin təxliyəsi həyata keçirilib. Onların hamısı hava limanının terminalına çatdırılıb. Bundan başqa, bazar ertəsi səhər saatlarında güclü külək nəticəsində İstanbul hava limanının yük terminalının damı uçub, nəticədə xəsarət alan olmayıb.
Bir qədər əvvəl İstanbul şəhər rəhbərliyi Bosfor bozağında nəqliyyatın hərəkətini müvəqqəti dayandırmışdı. Bu qərarın verilməsinə səbəb yağan güclü qarın görüntünü pisləşdirməsi olub.
Çərşənbə axşamı Türkiyənin cənubundakı Antalya kurort şəhərinə son 29 ildə ilk dəfə qar yağıb.
Güclü qar yağması səbəbindən Yunanıstanda həyat iflic olub: bəzi ərazilər işıqsız qalıb, yanğınsöndürənlər, polis və hərbçilər kommunal xidmət işçilərinə köməyə göndərilib. Demək olar ki, bütün avtomobillər yay təkərlərində olduğundan, yollarda kilometrlərlə tıxac yaranıb.
Bazar ertəsi günü Yunanıstan güclü "Elpis" ("Ümid") siklonuna məruz qalıb ki, bu da özünü güclü qar yağması və temperaturun aşağı düşməsində göstərib. Ağac gövdələrinin və budaqlarının aşması nəticəsində naqillər qırılıb və Afinanın onlarla rayonu, eləcə də şəhərətrafı qəsəbələr işıqsız və internetsiz qalıb. Qəzaların aradan qaldırılması üçün onlarla texniki işçi əraziyə göndərilsə də, hələ də problemi aradan qaldırmaq mümkün olmayıb.
Çərşənbə axşamı ölkədə qeyri-iş günü elan olunub. Bir sıra rayonlarda uşaq bağçaları və məktəblər işləməyəcək, yalnız ərzaq mağazaları və apteklər fəaliyyət göstərəcək. Hidrometeoroloqlar pis hava şəraitinin çərşənbə gününə qədər davam edəcəyini bildiriblər.
Güclü qar yağması ucbatından "Attiki Odos" magistral yolunda 5 min sürücü hərəkətsiz qalıb, onların əksəriyyəti 12 saatdan çoxdur ki, "qar tələ"sindən qurtula bilmir.