BAKI, 25 yanvar — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsinin parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyan ratifikasiya olunmuş saziş var və bu saziş 1992-ci ildə Ermənistan parlamenti tərəfindən ratifikasiya olunub.
Paşinyanın Azərbaycanla sülh danışıqlarının gündəmdə olduğu bir dövrdə verdiyi bu açıqlama özündə bir sıra maraqlı məqamları ehtiva edir. Sputnik Azərbaycan Ermənistan hökumət rəhbərinin bu açıqlamasının altında yatan məqamları araşdırıb. Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu fikirlərini bölüşüb.
Millət vəkili deyib ki, post-münaqişə dövründə cərəyan edən proseslər Azərbaycanın maraqlarına cavab verir:
Эльшад Мирбашир, политолог, фото из архива
© Photo : Social media page of Elshad Mirbashir
"Azərbaycan hazırkı mərhələdə nəqliyyat kommunikasiyalarının yaradılması, iqtisadi layihələrin həyata keçirilməsi, sərhədlərin delimitasiya və demarkasiyasını prinsipial hesab edir və bu istiqamətdə addımlar atır. İmzalanmış bütün sənədlərdə də bu məqamlara istinad olunur".
Millət vəkili onu da qeyd edib ki, Paşinyan verdiyi açıqlamalarla manevr imkanlarının malik olmadığını ortaya qoyur:
"Prezident İlham Əliyev də bəyan edib ki, Ermənistan gec-tez sülh sazişini imzalayacaq, ya da Azərbaycan Ermənistanı bu sazişi imzalamağa məcbur edəcək. Əslində hazırda baş verənlər Azərbaycanın Ermənistanı sülhə məcbur etməsi kimi səciyyələndirilə bilər".
Elşad Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün siyasi alətlərdən istifadə edir:
"Çünki beynəlxalq müstəvidə artıq Azərbaycanın haqlı və ədalətli mövqeyi qəbul olunmaqdadır. Azərbaycan öz gücünü və mövqeyini qəbul etdirə bilir. Müasir dünyamızın reallığında hüququn gücü yox, gücün hüququ var. Keçmiş münaqişə dövründə də Azərbaycan haqlı mövqeyə malik idi, ancaq beynəlxalq hüquqa istinad etməklə torpaqlarımızın işğaldan dinc yolla azad edilməsinə nail ola bilmədik".
"Paşinyan da alternativ seçimi olmadığının fərqindədir və buna görə də üzüyola bəyanatlar səsləndirir. Onun son aylarda verdiyi açıqlamalarda da sülh sazişinin bağlanacağına birbaşa və dolayı ifadələrə rast gəlinir", - deyə millət vəkili bildirib.
Deputat hesab edir ki, Paşinyan bu cür bəyanatlarla, açıqlamalarla erməni cəmiyyətini sülh sazişinə hazırlayır:
"Amma bunun Paşinyanın humanistliyi və sülhsevərliyi ilə heç bir bağlılığı yoxdur. Bu vəziyyət Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqlarla formalaşıb. "Paşinyan proseslərin təsiri altındadır və onu yönləndirən Azərbaycandır".
Ermənistanın yaxın zamanda sülh müqaviləsi imzalayacağını hesab etdiyini deyən millət vəkili əlavə edib ki, Ermənistanda cərəyan edən son siyasi proseslər, o cümlədən Armen Sarkisyanın istefası da bu proseslərlə bağlıdır:
"Ermənistan rəhbərliyinin hansı addım atmasından asılı olmayaraq bu ölkədə siyasi gərginlik davam edəcək. Paşinyanın isə sülh sazişi bağlamaqdan başqa yolu yoxdur. Paşinyana qarşı erməni cəmiyyətindən ciddi təpki gələcək və siyasi opponentləri də ona qarşı bundan istifadə edəcəklər. Bu, Paşinyanın karyerasında mütləq öz əksini tapacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: