BAKI, 25 yanvar — Sputnik. Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.
Bu barədə KİV-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini "parkovşik" kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib.
DYP rəsmisi vurğulayıb ki, yol polisi tərəfindən qanunsuz parklanma ilə əlaqədar reydlər davam etdirilir.
Qeyd edək ki, Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən təkcə Bakı şəhərinin mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, növbəti reyd Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində baş tutub. Gün ərzində keçirilən reydlərdə 90-na yaxın sürücü barəsində inzibati protokol tərtib edilib.
Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklanma xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və həmin şəxslər də inzibati məsuliyyətə cəlb olunublar. Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib.
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərdə avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər.
Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib. Bu istiqamətdə Sabunçu və Binəqədi rayonlarında yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib.
İlkin mərhələdə layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir. Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.
Onu da qeyd edək ki, şəhərdə parklama yerlərinin məhdud olması, bir çox hallarda gərəksiz yerə dayanma-durma nişanlarının qoyulması sürücülərdə narazılıq yaradır. Onlar qeyd edirlər ki, şəhərdə avtomobillərin parklanması üçün müvafiq yerlər yaratmadan hamınını kütləvi şəkildə cərimə edilməsi, sürücü hüquqlarının pozulmasıdır.