CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Türkiyə ailə modeli tətbiq olunacaq

Himayədar ailələri ziyarət edən Azərbaycan rəsmiləri həmin ailələrdə böyüyən gənclərlə görüşüblər.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi (ASXN) tərəfindən himayədar ailə qayğı modelinin, həmçinin ailə bütövlüyünün qorunması məqsədilə tətbiq edilən Sosial-İqtisadi Dəstək xidmətinin Azərbaycanda tətbiqi üçün iki ölkənin səlahiyyətli orqanları fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin ASX naziri Dərya Yanıka məktub yazaraq himayədar ailə modelinin ölkəmizdə tətbiq edilməsi məqsədilə iş birliyi təklif edib, bundan sonra ortaq işlərə başlanılıb.
İki ölkənin səlahiyyətli orqanlarının keçirdiyi onlayn görüşlərdə iş planı yaradılıb. ƏƏSMN nümayəndələri bu çərçivədə yerində araşdırmalar aparmaq üçün Türkiyəyə səfərlər ediblər. İstanbul və Ankarada himayədar ailələri ziyarət edən Azərbaycan rəsmiləri həmin ailələrdə böyüyən gənclərlə görüşüblər.
Azərbaycana himayədar ailə ilə yanaşı, ailə bütövlüyünün qorunması, uşaqların ailələrilə birlikdə böyüməsini təmin etmək məqsədilə ASXN tərəfindən göstərilən Sosial-İqtisadi Dəstək (SED) xidməti haqqında, eyni zamanda, uşaqlar üçün mütəmadi olaraq SED ödənişləri, xidmətin izlənilməsi barədə də məlumat verilib.
Araşdırmaların nəticələrinə uyğun olaraq, 2022-ci il üçün çərçivə planı hazırlanıb. Bu çərçivədə bu il Türkiyədə himayədar ailə xidməti modelinin və SED xidmət modelinin yaradılması üçün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin digər aidiyyəti orqanlara nəzarət dəstəyi göstəriləcək.
Uşaqların müdafiəsi xidmətlərində strukturlaşdırılmış sistemin mövcud olduğu Azərbaycanda türkiyəli mütəxəssislər himayədar ailə ilə bağlı yerində araşdırmalar aparacaq. Azərbaycanda himayədar ailə xidmətinin baza strukturu yaradıldıqdan sonra bu sahədə çalışan 60 əməkdaşa Türkiyədə təcrübəli mütəxəssislər tərəfindən 10 günlük təlim keçiriləcək.
Eyni zamanda qeyd edilib ki, Azərbaycana himayədar ailə xidməti sahəsində istifadə olunacaq əsas sənədlərin yaradılmasında dəstək göstəriləcək, şəxsi heyətin vaxtaşırı distant təhsili təşkil olunacaq.
Tədqiqatlar çərçivəsində bir il ərzində Azərbaycanda çalışan kadrlara məsləhət verilməsi, uşaqların müdafiəsi sahəsində yeni layihələr həyata keçirərək Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın artırılması nəzərdə tutulub.