BAKI, 25 yanvar — Sputnik. "Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə Amnistiya aktı tətbiq edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
O bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3 556, məhkəməyə verilən 4024 təqdimat əsasında bu günə qədər 2 635 məhkum haqqında Amnistiya aktı tətbiq edilib: "Onlardan 506-sı qadın, 20-si yetkinlik yaşına çatmayan, 6-sı əcnəbi, 243-ü 60 yaşına çatmış, 6-sı Vətən müharibəsində iştirak etmiş məhkumlardır".
"Amnistiyaya düşən şəxslərdən 2457-si islah işləri, 77-si isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilən 1022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1542 nəfər cəzadan azad olunaraq, elektron qolbaqları dərhal çıxarılıb, 1075 məhkumun isə cəza müddəti 1 il azaldılıb", - Xidmət rəisi vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində "8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Qərar qəbul edib.
Bakıda 246 şəxs Amnistiya aktından yararlanıb.
Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.