BAKI, 24 yanvar — Sputnik. Amerikalı alimlər insan orqanizmində koronavirusun bütün ştammlarını bloklayan hüceyrələr tapıblar. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla məlumat yayıb. Söhbət "evACE2" vezikullarından, yəni, virusu bloklaya bilən "ACE2" zülalına malik hüceyrələrdən gedir.
"Qeyd etmək lazımdır ki, "evACE2" insan plazmasından və ya hüceyrələrindən ifraz olunan ACE2 ilə rəqabət edərək SARS-CoV-2 infeksiyasını zərərsizləşdirir", – deyə araşdırmada bildirilir.
Alimlərin fikrincə, zülalın effektivliyi ondan ibarətdir ki, o, virus üçün bir növ "tələ" rolunu oynayaraq onu yoluxdurmağa çalışdığı hüceyrələrin səthindəki "ACE2" zülalından yayındırır.
Qeyd edək ki, bir qədər bundan əvvəl dünyada koronavirusun yeni ştammlarının yaranması üçün ideal şəraitin formalaşdığı bildirilmişdi. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ÜST İcraiyyə Komitəsinin 150-ci sessiyasının açılışındakı çıxışı zamanı demişdi.
"Koronavirusun daha yoluxucu və daha ölümcül ştammlarının ortaya çıxma potensialı olduqca yüksək olaraq qalır", – deyə o vurğulamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: