FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ağdama avtobusla ilk səfər FOTOlarda

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları bu gün istifadəyə verilib. Sputnik Azərbaycan-ın müxbiri onları işğaldan azad olunmuş torpaqlarda qarşılayıb.
Sputnik
1 / 13

Bakıdan Ağdama gələn ilk sərnişin avtobusu artıq mənzil başına çatıb.

2 / 13

Ağdam sakini Ziyafət Mehtiyeva doğma yurduna səfər zamanı.

3 / 13

Ağdam sakinləri ilk olaraq Pənahəli xanın XVIII əsrdə inşa etdirdiyi imarət kompleksi ilə tanış olublar.

4 / 13

Ağdam rayonunda 29 il əvvəl məcburi köçkün düşən Telman Abdullayev deyir ki, vaxtı ilə məscidin dam örtüyünü o, atası ilə birgə təmir edib.

5 / 13

Bakıdan Ağdama gələnlər məsciddə namaz qılırlar.

6 / 13

Doğma yurd-yuvasına üz tutan ağdamlıların isə sevincinin həddi-hüdudu yoxdur.

7 / 13

Ermənilər tərəfindən Xurşudbanu Natavanın dağılmış məzarı və vandallığa məruz qalmış digər tarixi abidələr ziyarət edilib.

8 / 13

Səfər çrəçivəsində Ağdam sakinləri İmarət kompleksi, Şəhidlər xiyabanı, Ağdam Dram Teatrı, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi və Şahbulaq qalasında olublar. Ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüblər.

9 / 13

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər ANAMA-nın mina təhlükəsizliyinə dair təlimlərinə cəlb ediliblər və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.

10 / 13

Ağdam məscidi.

11 / 13

Şahbulaq qalasında ziyarətçilər.

12 / 13

Ağdam rayon sakini Fəridə Nikbur bildirib ki, 30 yaşında çıxdığı ata-baba yurduna indi 59 yaşında geri dönür.

13 / 13

Qeyd edək ki, imtiyazlı şəxslər də daxil olmaqla sakinlər yalnız bir dəfə işğaldan azad edilmiş ərazilərə səfər edə bilərlər.

İllərin Vətən həsrətinə son qoyulub. Bakıdan Ağdama gələn ilk sərnişin avtobusu artıq mənzil başına çatıb. Ağdam sakinləri ilk olaraq Pənahəli xanın XVIII əsrdə inşa etdirdiyi imarət kompleksi ilə tanış olublar. Orada ermənilər tərəfindən Xurşudbanu Natavanın dağılmış məzarı və vandallığa məruz qalmış digər tarixi abidələr ziyarət edilib. Ağdam rayonundan 29 il əvvəl məcburi köçkün düşən Telman Abdullayev deyir ki, vaxtilə məscidin dam örtüyünü o, atası ilə birgə təmir edib.
“Gördüyünüz bu məscidin dam örtüyünü atamla mən birgə təmir etmişdik. Dam örtüyünə ağ dəmir vurmuşduq. Ağdam çay evinin üstündəki ağ dəmiri də biz vurmuşduq. İndi baxıram, ürəyim xarab olur. Axı bu ərazilər bu cür deyildi. Yağı düşmən hər yeri viran qoyub. Amma sevinirəm ki, yenə gəlib görə bildik. Allah-təaladan arzu edirəm ki, hər şey yaxşı olsun, Ağdamda gəlib yaşayaq. Buraya 30 ildən sonra gəlmək mənim üçün bilirsiniz, nədir - elə bil, ikinci dəfə dünyaya gəlmişəm. Allah prezidentimizə cansağlığı versin ki, bizə bu günləri nəsib etdi”.
İşğaldan azad edilən ərazilərə bilet satışı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilib.
Doğma yurd-yuvasına üz tutan ağdamlıların sevincinin həddi-hüdudu yoxdur. Ağdam rayon sakini Fəridə Nikbur bildirib ki, 30 yaşında çıxdığı ata-baba yurduna indi 59 yaşında geri dönür.
“1993-cü ilin iyul ayının 21-i günü Ağdamdan çıxmışam. O zamanlar 30 yaşım var idi. İndi 59 yaşım var. Amma elə bil, bu torpağa ayaq basanda özümü 30 yaşındaymış kimi hiss elədim. Bütün xatirələrim bir-bir gözlərim önündən keçdi. 29 ildir ki, qaçqınlıq həyatı yaşayırıq. 29 il elindən-obasından ayrı düşmək gör nə deməkdir? Şükür bu günə ki, biz Ağdama gəldik. Ayağımızı bu torpağa basdıq. Yadelliləri torpağımızdan qovduq. Sağ olsun prezidentimiz”.
Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər ANAMA-nın mina təhlükəsizliyinə dair təlimlərinə cəlb ediliblər və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Maarifləndirmə təlimində könüllülər də onlayn şəkildə iştirak ediblər. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Ağdam rayonundan illər əvvəl məcburi köçkün düşən Ziyafət Mehdiyeva arzusuna çatıb. Ağdam məscidində namaz qılaraq, dualar edib.
"Böyük arzum idi ki, Ağdam məscidində namaz qılım. 30 il bundan qabaq Aşura günü gəlib buranı ziyarət etmişəm. Bu gün də gəldim. Allah bunu bizə nəsib elədi. Şükürlər olsun rəbbimə. Ziyarət namazı qıldım. Prezidentimizə dua elədim. Şəhidlərimizə salavat çevirdim. Çox sevinirəm ki, torpağıma bu cür, əvvəlki illərdə olduğu kimi ayaq basa bilirəm”.
Qeyd edək ki, imtiyazlı şəxslər də daxil olmaqla sakinlər yalnız bir dəfə işğaldan azad edilmiş ərazilərə səfər edə bilərlər. Lakin şəhid ailələri heç bir ödəniş etmədən bu səfərə qatıla biləcəklər.
Qeyd edək ki, səhər saat 06:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola çıxan avtobusları Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin “Regional İnkişaf” İctimai Birliyi və ASAN könüllülər müşayiət ediblər. Səfər çərçivəsində Ağdam sakinləri İmarət kompleksi, Şəhidlər xiyabanı, Ağdam Dram Teatrı, Ağdam cümə məscidi, Qiyaslı kənd məscidi və Şahbulaq qalasında olublar. Ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüblər.