SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə "altılıq" platforması ilə bağlı təklif verdi

"Altılıq" formatlı regional əməkdaşlıq platforması çərçivəsində ilk görüş 2021-ci il dekabrın 10-da Moskvada keçirilib.
Sputnik
BAKI, 23 yanvar - Sputnik. Cənubi Qəfqazda "altılıq" platforması üzrə növbəti toplantı Türkiyədə keçiriləcək.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etməyi planlaşdırır.
"Türkiyə Qafqazda sülh və sabitliyin hökm sürməsi üçün səylərini davam etdirir", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, 2021-ci il dekabrın 10-da Moskvada Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirlərinin müavinlərinin "altılıq" formatlı regional əməkdaşlıq platforması çərçivəsində görüşü keçirilib.
Türkiyə ilə Azərbaycanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Xələf Xələfov təmsil edib. Rusiyanı bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edib. Gürcüstan bu görüşdə iştirak etməyib.
Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara - etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər.
Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib. "Altılıq" platforması çərçivəsində ikinci görüş Türkiyədə baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.