MƏDƏNİYYƏT

Türk müğənnilər Bakıda: gözlənilən dörd konsert - VİDEO

Populyar türk müğənnilər Cem Adrian, Zeynep Bastık, Edis, Gökhan Türkmən Bakıda konsert verməyi planlaşdırırlar.
Sputnik
BAKI, 23 yanvar - Sputnik. Məşhur türk müğənnilər Bakıda müxtəlif səhnələrdə konsert verəcəklər. Onların hər biri yeni konsert proqramıyla çıxış edəcək.
Fevralın 6-da Bakıda, Konqres Mərkəzinin səhnəsində Cem Adrian çıxış edəcək. Müğənniliklə yanaşı, bəstəkar, prodüser və rejissor olan Adrianın səs diapazonu basdan sopranoyadəkdir.
Musiqi karyerasına 18 yaşında başlayıb. "Ben bu şarkıyı sana yazdım" adlı ilk albomunu 2005-ci ildə buraxıb. Albom 16 min tirajla satılıb. Üç il sonra isə Adrianın "Essentials /Seçkiler" və "Emir" adlı iki albomu birdən çıxdı. Bir neçə dəfə "Altın kelebek" mükafatının "İlin mahnısı", "İlin müğənnisi" kateqoriyalarında qalib olub.
Beynəlxalq Qadınlar Günü, martın 8-də paytaxtımızda müğənni və aktrisa Zeynep Bastık çıxış edəcək. O da Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Bastık peşəkar musiqiylə 2010-cu ildən məşğuldur. Populyar mahnıların kaverini ifa etməklə məşhurlaşıb.
"Her Yerde Sen" adlı sinqlı eyniadlı serialda səslənəndən sonra daha çox populyarlaşıb.
Daha bir gözlənilən konserti Edis Görgülü verəcək. Konsert mayın 7-də Bakı klublarının birində təşkil olunacaq. O, Londonda doğulub, İzmirdə böyüyüb. Edisin ölkəmizlə bağlılığı var - anası azərbaycanlıdır.
Edis öncə aktyor kimi məşhurlaşsa da, sonradan oxumağa qərar verib. "Benim Ol" mahnısı ilə tanınan müğənni ilk albomunu 2018-ci ildə buraxıb.
Daha bir türk ulduz Gökhan Türkmən mayın 21-də Heydər Əliyev Sarayında konsert verəcək. Musiqi dünyasına "Büyük İnsan" mahnısıyla atılan Gökhan "Dön", "Yan Sen" mahnılarıyla məşhurlaşıb.
2015-ci ildə FOX telekanalında Sibel Can və Sertap Erenerlə birlikdə "Sesi Çok Güzel" musiqi müsabiqəsində münsif olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.