MƏDƏNİYYƏT

Sosial şəbəkələrdə ulduzu parlayan məşhurlar - VİDEO

Sosial şəbəkə vasitəsilə məşhurlaşan və qısa bir zamanda izləyicilər arasında ulduza çevrilən azərbaycanlı sənətçilər.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Sosial media bu gün insanların ayrılmaz bir parçasına çevrilib. İstər xaricdə, istərsə də Azərbaycanda sosial şəbəklər vasitəsi ilə pul qazanc əldə edən 100-lərlə insan var. Bu yenilik bir çox yaradıcı gənclərə meydan açıb, onların tanınmasında vasitəçi olub.
Sputnik Azərbaycan Azərbaycanda sosial şəbəkə vasitəsi ilə məşhurlaşan sənət adamlarını təqdim edir.
Sosial şəbəkə vasitəsilə məşhurlaşan və qısa bir zamanda televiziyaların ulduzuna çevrilən Çinarə Məlikzadə 2017-ci ildə "Gedək üzü küləyə" manısı ilə tanınıb.
O Sputnik Azərbaycan-a bildirib ki, sosial şəbəkənin həyatındakı rolu danılmazdır. Çünki məhz sosial şəbəkə vasitəsilə məşhurlaşıb. Təbii ki, bu işdə mətbuatın da rolu az olmayıb:
"İndiyə qədər bir neçə səs yarışmalarında iştirak etsəm də, onların heç biri sosial şəbəkənin mənə qazandırdığı uğuru verə bilməmişdi. Hər kəsə bəllidir ki, məni məhz sosial şəbəkə məşhurlaşdırdı. Televiziyanın təbii ki, öz yeri var. Bizim çox reytinqli verilişlərimiz var ki, hər bir müğənni üçün bunun yaxşı tərəfləri çoxdur. Ancaq sosial şəbəkənin böyük meydan olduğu danılmazdır. Sosial şəbəkənin öz izləyiciləri var"
Çəkdiyi, eyni zamanda çəkildiyi hər video ilə insanların qəlbini qazanan aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov da sosial şəbəkələr hesabına məşhur olub. Aktyor əvvəllər filmlərdə epizodlarda çəkilsə də, onun ulduzu 2016-cı ildə "Məşhur hind mahnısı "Jai ho"-ya Azərbaycanca baxış: "Ceyhun!"la parlayıb:
"Mənim bəxtim gətirdi ki, həmin dönəmlərdə sosial şəbəkələr geniş yayılmağa başladı. Mən də demək, çatdırmaq istədiklərimi çatdırdım. Yəni, bu planlaşdırılmış bir iş deyildi. Əminəm ki, haradasa, Azərbaycanın hansısa ucqar kəndində məndən daha istedadlı insanlar var, onlar internetdən istifadə edə bilmədiklərinə görə bacarıqlarını nümayiş etdirə bilmirlər".
Əsasən Türkiyədə məşhurlaşan Surə İsgəndərli də sosial media hesabına məşhurlaşanlar sırasındadır.
Sosial şəbələrdə ulduzu parlayanlardan biri də Nahidə Babaşlıdır. O, 2018-ci ildə Türkiyənin məşhur sənətçisi, mərhum Murat Göyəbaxanın "Ay Yüzlüm" mahnısını səsləndirmiş və səkkiz gün ərzində onu 1 920 581 izləyici toplamışdı. Babaşlının ifası Türkiyə KİV-lərində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət fikirlər bildiriblər.
Peşəkar fəaliyyətində ilk mahnısı "Mirvarilər" olan Hiss 2018-ci ildən tanınmağa başlayıb. Onun beşinci treki "İstəmirəm" bir neçə ay ərzində Türkiyənin "Shazam chart"ındə ilk 50-likdə idi. Bu mahnının klipi "YouTube"da 79 milyondan çox insan tərəfindən izlənilib.
Hiss 2021-ci ilin sentyabrında Türkiyənin Show TV kanalında "Bir Başka Güzel" verilişinə dəvət olunub. 2021-ci ildə ifa olunan "Karma" mahnısı Azərbaycanda uzun müddətdir ki, YouTube və Apple Music-də trenddədir.
Sadiq Hacı və Nigar Muhərrəmin də məhz sosial şəbəklər vasitəsi ilə məşhurlaşıblar. Müğənni bu yaxınlarda Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin duet ortağı olub. Nigar Mustafa Ceceli ilə birlikdə "Salıncaq" adlı mahnısını izləyicilərinə təqdim edib.