BAKI, 23 yanvar - Sputnik. İnfeksion xəstəliklər üzrə mütəxəssis, Atrium Health Wake Forest Baptist-in İmmunizasiya Təcrübəsi üzrə Məşvərət Komitəsinin üzvü doktor Ketrin Polinq (Şimali Karolina, ABŞ) NBC News telekanalının efirində omikron ştammının əsas əlamətlərini sadalayıb.
Həkimin sözlərinə görə, məhz bu əlamətlərdən xəstələr hansı xəstəliyə yoluxduqlarını müəyyənləşdirə bilərlər.
"Öskürək, burnun tutulması, zökəm və yorğunluq omikron ştammının xarakterik əlamətləridir. Ancaq delta ştammından fərqli olaraq, xəstələrin çoxu iybilmə və dadbilməni itirmirlər. İnfeksiya hətta yüngül keçdikdə belə, boğaz ağrısı omikron ştammında ən çox rast gəlinən əlamətdir", - Polinq deyib.
İnfeksionist əlavə edib ki, bu nəticələr xəstələri müşahidə etməklə əldə olunub: sadalanan əlamətlərə əhalinin bütün qruplarında rast gəlinməsə də, koronavirusun testsiz yoxlanmasında kömək ola bilər.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun testsiz (yəni insanın özündə müşahidə etdiyi əlamətlərə görə) yoxlanması qaydasını təsdiq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.