DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdi

Ermənistan prezidenti istefa verməsinin səbəblərini əlində alətlərin olmaması ilə açıqlayıb.
Sputnik
BAKI, 23 yanvar - Sputnik. Ermənistanın prezidenti Armen Sarkisyan istefa verməklə yanaşı, özünün Prezident Administrasiyasının rəhbəri Emil Tarasyanı da vəzifəsindən göndərib.
----------
20:18
Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan istefa verməyi qərara alıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat verilib.
"Prezident ölkə və millət üçün hazırkı çətin durumda daxili və xarici siyasətə təsir etmək üçün lazımi alətlərə malik deyil", - Sarkisyan bildirib.
Onun fikrincə, Ermənistan məzmunca deyil, yalnız formaca parlament respublikasıdır.
"Dövlətimiz üçün mürəkkəb olan bir vəziyyətdə, ümummilli birlik tələb olunduğu vaxt, prezident institutu dedi-qodu hədəfinə çevrilərək cəmiyyətin diqqətini vacib problemlərdən yayındırmamalıdır", - Sarkisyan bildirib.
Onun sözlərinə görə, indi ölkəyə məzmunlu, dərindən düşünülmüş, götür-qoy edilmiş fəaliyyətlər lazımdır, əks halda ermənilər tarixdə itə bilərlər.
"Bizim səhv etmək hüququmuz yoxdur", - Ermənistanın artıq sabiq prezidenti deyib.
O qeyd edib ki, Ermənistanda paradoksal situasiya yaranıb: heç bir real alətə malik olmasa da, ölkə rəhbəri dövlətçiliyin təminatçısı olmalıdır. Əlavə edib ki, qarşılıqlı cilovlama və balans mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılması üçün konstitusiya islahatları keçirməyi təklif edib.
"Şadam ki, konstitusiya islahatları üzrə komissiya yaradılıb, buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, nəhayət konstitusiya dəyişiklikləri baş tutacaq və sonrakı prezident, prezident institutu daha tarazlı, koordinasiyalı mühitdə işləyə biləcəklər", - Armen Sarkisyan vurğulayıb.
Qeyd edək ki, Armen Sarkisyan 2018-ci il aprelin 9-dan Ermənistan prezidenti idi.
Ermənistanda 2021-ci il iyulun 20-də parlament seçkisi keçirilib. 4 blok və 21 partiya iştirak etdiyi seçkidə hazırkı baş nazir Nikol Paşinyanın partiyası 53,91% səs qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.