BAKI, 22 yanvar — Sputnik. 2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Bakı şəhər Baş Prokurorluğunun 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində deyilib.
Həmin şəxslərdən 1 nəfər tutduğu vəzifədən azad olunub, digər 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət verilib, 7 nəfərə irad tutulub.
Bu müddətdə Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Bildirilib ki, qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb və bu dinamikanın narahatlıq yaratdığı vurğulanıb.
Müşavirədə bildirilib ki, 2021-ci ildə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə 4.275.458 manat maddi ziyan vurulub.
Vurulan maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulub 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilib.
12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb
2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.
Müşavirədə qeyd edilbi ki, ötən illə müqayisədə bu rəqəmdə artım olub: "2252 hadisə, yəni 21,4% artım müşahidə edilib. 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur.
2021-ci ildə böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub”.
Qeyd edək ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olub ki, bu ötən illə müqayisədə 5,4% artıb.
Ötən il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.