SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili "Human Rights Watch"-u faşizmdə ittiham etdi

Aydın Mirzəzadənin fikrincə, bu cür hesabatın hazırlanması da həmin təşkilatı maliyyələşdirən fondların siyasi tapşırığıdır.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. "Human Rights Watch" (HRW) təşkilatı 2021-ci il üzrə hesabatında ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdıldığını göstərib.
Sputnik Azərbaycan "Human Rights Watch"un hesabatındakı qərəzli yanaşma ilə bağlı millət vəkilləri Aydın Mirzəzadə və Fazil Mustafanın fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, "Human Rights Watch" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Onun sözlərinə görə, bu cür hesabatın hazırlanması da həmin təşkilatı maliyyələşdirən fondların siyasi tapşırığıdır:
"Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində işğalda saxlaması, həmin ərazilərdəki bütün infrastrukturu məhv etməsi, mülki obyektləri dağıtması faktlarına həmin təşkilat göz yumub. Onlar elə davranış sərgiləyir ki, sanki belə bir şey olmayıb".
"Ermənistan silahlı qüvvələri 44 günlük müharibə dövründə cəbhə xəttinə yaxın ərazilərdəki mülki obyektlər, yaşayış məntəqlərini atəşə tutdular. Bütün bu baş verənlər isə belə görünür ki, bu təşkilat üçün fakt deyil. Azərbaycan isə dəfələrlə yalnız hərbi obyektləri hədəfə aldığını açıqlayırdı, mülki obyektlər atəşə məruz qalmırdı.
Hətta bu günlərdə Prezident İlham Əliyev Hadrutda hərbi hissənin açılışında iştirakı zamanı bildirdi ki, burada mülki yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib", - deyə millət vəkili qeyd edib.
O vurğulayıb ki, bu gün Rusiya sülhməramlılarının nəzarət zonasında olan Xankəndi, Xocalı, Ağdərə şəhərlərində yaşayış məntəqələrinə dəymiş hər hansı ziyandan danışmaq olmaz:
"Təəssüf edirik ki, "Human Rights Watch" bu məsələdə belə, ağa-qara deməyə davam edir. Bu təşkilatdan fərqli olaraq, bir sıra xarici media orqanları, önəmli ictimai-siyasi xadimlər ermənilərin törətdiyi müharibə cinayətləri ilə bağlı ədalətli mövqelərini ortaya qoymağı bacarıblar".
Mirzəzadənin sözlərinə görə, Azərbaycan bu gün postmünaqişə dövrünü yaşayır. Ermənistandakı qatı milliyyətçi dairələr belə, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasına normal yanaşırlar.
"Bu təşkilatlar da bir gün ayılacaqlar ki, Azərbaycan-Ermənistan diplomatik əlaqələri bərpa edib, Zəngəzur dəhlizi fəaliyyətə başlayıb. Onda həmin anti-Azərbaycan dairələrinə agah olacaq ki, hələ də 90-cı illərin havasını çalırlar", Mirzəzadə bildirib.
Millət vəkili Fazil Mustafa isə "Human Rights Watch"-u faşizmi dəstəkləyən təşkilat adlandırıb:
"Əgər Hitler dövrü olsaydı, həmin təşkilat onun da fəaliyyətinə haqq qazandırardı. Onların yaramaz və qərəzli yanaşmaları bizə çoxdan bəllidir. Onlara sual verən də yoxdur ki, Azərbaycanın ərazisi daxilində erməni məktəbi nə deməkdir?! Müharibə gedən ərazi Azərbaycana məxsusdur, dağılmış obyektlər də həmçinin".
"Bu təşkilat birbaşa faşizmə xidmət edir, erməni faşizminin də dəstəkləyicisidir. Bu baxımdan təşkilatın yaydığı hesabat qondarma, uydurma və reallıqdan uzaqdır. Ona görə də belə hesabatlar kağız üzərində qalan, obyektivliyi əks etdirmədiyi üçün əhəmiyyətsiz sənəddir. Bu təşkilat ermənilərin pulu ilə fəaliyyət göstərir. Mən bir Azərbaycan millət vəkili kimi bu təşkilatı faşizmdə suçlayıram", – deyə millət vəkili bildirib.