BAKI, 22 yanvar — Sputnik. Bu gün səhər saatlarında Masallı rayonu Qızılağac kəndində ümumi sahəsi 63 kvadrat metr olan 1 otaqlı, 1 mərtəbəli ev tamamilə yanıb.
Nəticədə evdə tək yaşayan, ev sahibi 1942-ci il təvəllüdlü Cənnət Yaqub qızı Ələkbərova yanaraq dünyasını dəyişib.
Masallıda yanmış ev
© Sputnik / Rahim Muradov
Mərhumun qohumu Fatimə Nəsirovanın Sputnik Azərbaycanın bölgə müxbirinə verdiyi məlumata görə, C.Ələkbərovaya onlar baxırmışlar:
"Mən onun bibisinin gəliniyəm. Yaxın kimsəsi yoxdur, elə biz baxırdıq ona. Gecə o biri baldızım da onun yanına gəlib, yemək gətirib. O da yeyib-içib yatıb".
Nəsirovanın sözlərinə görə, C.Ələkbərova xəstə olub, beyin xəstəliyindən əziyyət çəkirmiş. Bu səbəbdən də yata bilmirmiş.
"Atətən balaca masaüstü qaz sobasını yandırıb qabağında otururdu. Bilmirik, yaylığı qaz sobasına düşüb alışıb, yoxsa pərdə qazın üzərinə düşüb...Sübh vaxtı idi, qışqırtısına mən çıxdım evdən. Çıxanda mən gördüm ki, evin qabağı alışıb. Qaçdım, gəldim qapını açmaşa çalışdım, aça bilmədim. Uşaqlar gəldi, nə qədər çalışdıq, qapının kilidini aça bilmədik", - deyə Nəsirova bildirib.
Masallıda yanmış ev
© Sputnik / Rahim Muradov
Onun sözlərinə görə, yaşlı qadın adətən axşamlar işığı yandırmırdı, həmişə qazı yandırıb qaranlıqda otururdu. Ona görə də ehtimal edir ki, gecə qaz artıb və qadının özü də bilmədən nəsə alışıb. Nəticədə bu bədbəxt hadisə baş verib.
Məlumat üçün bildirək ki, mərhum C. Ələkbərovanın meyiti yanğınsöndürənlər tərəfindən yanan evdən çıxarılaraq aidiyyat üzrə təhvil verilib.