BAKI, 21 yanvar — Sputnik. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən modul tipli infrasturuktura baxış keçirib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Burada istilik avadanlığı ilə təchiz edilmiş yataqxana, silah otağı, yeməkxana, mətbəx, ərzaq anbarı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Müdafiə nazirinin müvafiq göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.