BAKI, 21 yanvar — Sputnik. Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə yanvarın 19-u saat 13 radələrində rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək zor tətbiq olunub.
Bu barədə Bərdə rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Zümürxan kənd sakini, 1974-cü il təvəllüdlü Rəfail İsgəndərov qeyd edilən tarixdə yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimi təşkil etdiyi üçün barəsində inzibati tənbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə bir dəfə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəfail İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin açıqladığı son məlumata görə, Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 54 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.