BAKI, 21 yanvar — Sputnik. Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqlarla bağlı baza prinsipləri açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baza prinsiplərində iki qırmızı xətt müəyyənləşdirilib.
Bunlardan birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır.
Xatırladaq ki, 2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1%, qeyri-ərzaq məhsulları 5,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8% bahalaşıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,6%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə isə 12% artıb.
2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları qiymətləri əvvəlki aya nisbətən 2,6%, əvvəlki ilin dekabr ayına görə 15,8% bahalaşıb.