SƏHİYYƏ

Boy hormonu çatışmazlığı olanlara pulsuz preparatlar verilib

Uşaqların müalicədən məhrum edilməməsi üçün preparatlar Agentlik tərəfindən təchiz edilir
Sputnik
BAKI, 21 yanvar — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşaq ödənişsiz müalicə olunur. Agentlik uşaqları boy hormonu preparatıyla təmin edir. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi qeyd edib ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boy qısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir: “Bu problemdən əziyyət çəkən şəxslər üçün preparatlar çox baha olduğundan bir çox ailənin onları almağa maddi imkanı çatmır. Uşaqların müalicədən məhrum edilməməsi üçün preparatlarla Agentlik təchiz edir. Bu, ailələrə xoşbəxtlik nəsib edir, həmçinin uşaqların gələcəkdə əlil olmasının qarşısını alır”.
O vurğulayıb ki, boy hormonu çatışmazlığı diaqnozunu laborator müayinə əsasında pediatr-endokrinoloq qoyur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.
Babək Salek Qənnadinin sözlərinə görə hər qısa boylu uşağa hormon terapiyası istifadə olunmur, sözügedən müalicə üsuluna başlamazdan əvvəl uşaqda böyümə geriliyinin səbəbi müəyyən olunmalıdır:
“Böyüməyə təsir edən amildən birincisi genetik faktorlardır. Hər uşağın boyu hər iki valideynlərindən alınan gen qrupuyla təmin edilir. İkinci amil qidalanmadır. Əgər qidalanma pozğunluğu varsa, ilk növbədə bu düzəldilir. Hormon çatışmazlığı varsa, çatışmayan hormonla müalicə problemi həll edilir.
Hormon terapiyasında tətbiq edilən müalicənin ciddi yan təsirlərinin ola biləcəyi bəzi insanları narahat edir. Yalnız müəyyən analizlərdən sonra uşaqda hormon çatışmazlığı aşkar edildikdə müvafiq preparatlardan istifadə olunur. Əks halda, hər qısa boylu uşağın hormon terapiyasından faydalanacağına dair bir qayda yoxdur. Böyümə geriliyində istifadə edilən böyümə hormonu sümüklərin qığırdaqlarına təsir edən bir hormon olduğundan fərqli yan təsirlər göstərmir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 10 may 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Respublika Endokrinoloji Mərkəzin iştirakıyla müxtəlif tibb müəssisələrinin aparıcı pediatr-endokrinoloqlarından ibarət işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu boyqısalığı olan uşaqların erkən aşkarlanması, diaqnostikası, sübutlara əsaslanan müalicənin aparılması istiqamətində iş aparır.
İşçi qrup tərəfindən 2019-cu ildə Azərbaycanda ilk dəfə “Boy Hormonu Çatışmazlığının Diaqnostika və Müalicəsi Üzrə Metodik Təlimat” hazırlanıb. İşçi qrupunun, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyilə 400-dən çox pediatr və endokrinoloqun iştirakı ilə regionlarda təlimlər keçirilib.