18 yaşlı rəssam daha çox portret və realizm janrında rəsmlər çəkib insanları heyrətləndirməyə çalışır. Ən maraqlısı isə odur ki, o, öz çəkdiyi rəsmləri hələ ki bəyənmir. Kəklik Yusifova 2004-cü ildə Rusiyanın Samara şəhərində dünyaya gəlib. Ailənin yeganə övladı olan qızcığaz kiçik yaşlarından maraqlı rəsmləri ilə diqqət çəkib. İlk nailiyyətini isə Rusiyada 6-cı sinifdə oxuyarkən qazanır. 2016-cı ildə Kəklik Yusifova yarışa qatılır, çəkdiyi rəsm qonşu ölkədə ən yaxşı əsər seçilir, diplom alır. Azərbaycana qayıtdıqdan sonra isə daha çox portret və realizm janrında rəsmlər ərsəyə gətirir.
Kəklik Yusifova müsahibəsində bunları qeyd edib:
“Birinci Topçu Vüsalın rəsmini çəkmək qərarına gəldim. Çünki müharibə zamanı tanınmış simalardan, əsgərlərdən biri məhz o oldu. Birinci böyük formatda onun şəklini yaratdım. Daha sonra baxdım ki, stend tən ortadan olduğu üçün kənarları boş qalır. Həmin boşluqları alınmış torpaqların təsviri ilə doldurmağa çalışdım.
Birinci Şuşanı çəkdim, Ağdamın məscidini, Xudafərin körpüsünü və sair yerləri. Oradakı elementlərlə, simvollarla bəzəməyə çalışdım divarı. Qarabağ atını çəkdim, hansı ki, həmin bölgənin simvolu sayılır. Şuşanın simvolu olan xarı-bülbülü əlavə etdim. Qapının üstündəki boş yeri də istifadə edib orada da qartal yerləşdirdim. O da Azərbaycanın bir simvoludur. Stendin yan tərəfinə bir pərdə çəkərək rəsmləri bir növ səhnələşdirməyə çalışdım".