BAKI, 20 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-nin müxbiri Kristina Luna Rodrigesə müsahibəsində Moskvanın Qazaxıstan hadisələrini necə dəyərləndirdiyindən, olayların arxasında kimlərin dayandığından, hərc-mərcliyin təşkilatçılarının məqsədinin nə ola biləcəyindən danışıb. O, eyni zamanda baş verənlərdən hansı nəticə çıxarıla biləcəyi məsələsi üzərində dayanaraq Qazaxıstandakı hazırkı vəziyyəti qiymətləndirib.
– Qazaxıstan hakimiyyəti bəyan etdi ki, ölkədə baş verən son hadisələr beynəlxalq terrorçuların təsiri altında törədilib. Hazırda təhlükə nə dərəcədə böyükdür? Bunun Rusiya ərazisinə keçmə təhlükəsi varmı? Silahlıların məhv edilməsi nə qədər sürə bilər?
– Qazaxıstan dövlətçiliyinə, təhlükəsizliyinə, suverenliyinə qarşı misli görünməmiş təhdidlə üz-üzə qaldı. Hakimiyyəti güc yolu ilə ələ keçirməkdə maraqlı olan qüvvələr sosial-iqtisadi xarakterli dinc etiraz aksiyasından yararlandılar. Bunun üçün onlara Qazaxıstan Respublikasında vəziyyətin qeyri-sabit hal alması lazım idi. Qazaxıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlər arasında xarici mənşəli şəxslər, eləcə də xarici ölkələrdə və qaynar nöqtələrdə təcrübə qazanmış silahlılar da olub. Belə ki, söhbət xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq terrorçu dəstələrindən gedir.
Məhz buna görə də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası müqavilənin 4-cü bəndinə əsasən, yanvarın 6-da qurumun kollektiv sülhməramlı qüvvələrini vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün məhdud müddətə Qazaxıstana göndərdi. Təşkilat Qazaxıstanda hadisələrin gedişatında özünü belə təhdidlərə qarşı effektli və tələb olunan mexanizm kimi göstərdi.
Qazaxıstandan olan tərəfdaşlarımız və KTMT üzrə müttəfiqlərimizlə birgə uğurlu sülhməramlı əməliyyat təcrübəsi KTMT-nin məsuliyyət zonasının digər dövlətlərində oxşar "ssenarilərin" təkrarlanması cəhdləri zamanı qabaqlayıcı tədbirlərin görülməsi üçün dərindən analiz olunacaq.
– Rusiya tərəfi bəyan etdi ki, Qazaxıstandakı hadisələri güc yolu ilə dövlətin təhlükəsizliyi və bütövlüyünə xələl gətirmək üçün kənardan hazırlanmış cəhd kimi qiymətləndirir. Bu cəhdlərin məhz kimlər tərəfindən hazırlandığı Moskvaya məlumdurmu? Söhbət hansısa dövlətdən gedir, yoxsa qruplaşmalardan?
– Aydın məsələdir ki, banditlər tərəfindən hibrid terror hücumu hazırlanıb, onun məqsədi də dövlət çevrilişi idi. Almatıdakı iğtişaşların əsas zərbə qüvvəsi bir sıra ölkə və regionlardan gələnlər idi. Bununla belə, sifarişçilər haqqında danışmaq, yəqin ki, hələ tezdir. Hərçənd əminəm ki, Qazaxıstanın səlahiyyətli orqanları qeyd olunan məsələ üzərində iş aparır. Şübhəsiz ki, tərəfdaşlarımız hadisələri yaxşı araşdırıb yaranmış vəziyyətin səbəblərini və bu işdə əli olanların hamısını üzə çıxarmalıdırlar.
– Bəzi mətbuat orqanlarında Qazaxıstan ərazisində vəhhabilərin peyda olması barədə informasiyalar da yer aldı. Belə məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
– Müxtəlif dövrlərdə Qazaxıstanın məhkəmə orqanları vəhhabi təşkilatlarına aid edilə bilən bir sıra strukturları, o cümlədən "Əl-Qaidə"*, "İslam Dövləti"*, Təbliği-Camaat*, "Hizb-ut-Təhrir" "Əl-İslami"-ni* terrorçu, yaxud ekstremist qurum kimi tanıyıb. O ki qaldı vəhhabilərin birbaşa Qazaxıstan ərazisində fəaliyyətinə, yəqin ki, bu sualı bizim qazaxıstanlı tərəfdaşlarımıza ünvanlamaq daha doğru olardı. Məncə, onlar yaxınlarda baş verənləri araşdırandan sonra nəticələr əsasında bu suala cavab verə bilərlər.
Onu da qeyd etmək istərdim ki, indiki mərhələdə Qazaxıstan hakimiyyəti KTMT-nin kollektiv sülhməramlı qüvvələri ilə birgə qısa müddət ərzində vəziyyəti normallaşdırmağa, böhranın episentrində - Almatıda asayişi bərpa etməyə nail oldular. İnsanlar normal həyata qayıdır, şəhər hakimiyyəti banditlərin hərəkətlərinin nəticələrini aradan qaldırmağa və şəhər infrastrukturunu bərpa etməyə başlayıb. KTMT-nin kollektiv sülhməramlı qüvvələri isə siyasi vəziyyətin sabitləşməsinə kömək etmək tapşırığını artıq yerinə yetirib və daimi dislokasiya yerlərinə qayıdırlar.
* Rusiyada qadağan olunmuş terror təşkilatları
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.