BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Prezident Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırıb, Fransanın Avropa İttifaqına sədrliyinin uğurla həyata keçiriləcəyinə, səmərəli olacağına ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı ötən il dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsseldə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğulayıb.
Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqı üçün 20 Yanvar Hüzn Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, Avropa İttifaqının sədri qismində Fransadan və Avropa İttifaqından olan nümayəndələrlə birlikdə bu səfəri həyata keçirdiklərini qeyd edib.
İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsseldə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşıdığını vurğulayıb.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, regiona səfərin vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə regionda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Bu barədə Azərtac məlumat yayıb.
Qeyd edək ki, Toivo Klaar daha əvvəl Azərbaycana səfər edəcəyini özünün "Twitter" səhifəsi vasitəsilə bildirmişdi.
O, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırdığını yazmışdı.
"Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik", - deyə o bildirib.
Qeyd edə ki, sonuncu dəfə 2021-ci il dekabrın 1-də ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.